
Məlum olduğu kimi, bu gün Cənubi Qafqaz onilliklər boyu davam edən qanlı münaqişə ocağından sabitlik və iqtisadi tərəfdaşlıq mərkəzinə çevrilib. Bu tarixi dəyişimin memarı olan Azərbaycan həm döyüş meydanında, həm də diplomatiya masasında nümayiş etdirdiyi qətiyyətlə regionda de-fakto sülh mühitini formalaşdırıb. Mayın 4-də Ermənistanda keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qoşulan Prezident İlham Əliyevin mesajları Bakının sülh gündəliyinə sadiqliyini və yeni əməkdaşlıq modelini dünyaya bir daha bəyan etdi.
Qeyd etmək lazımdır ki, ölkəmizin sülhə gedən yolu heç də asan olmayıb. Otuz ilə yaxın müddətdə Bakı münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, danışıqlar yolu ilə həlli üçün sonsuz səbir və səy nümayiş etdirdi. Lakin qarşı tərəfin qeyri-konstruktiv yanaşması regionu uzun müddət müharibə zonası kimi saxladı. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Azərbaycan Ordusunun hərbi gücü sayəsində BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələri icra edildi, separatçılığa son qoyuldu və ölkəmizin suverenliyi tam təmin olundu. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə bütün regionun rahat nəfəs almasına şərait yaradan “sülh qalası”nın təməli oldu. Azərbaycan və Ermənistan arasında münasibətlər artıq kağız üzərindəki bəyanatlardan real əməli addımlara keçib. 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması bu prosesin hüquqi əsası olub.
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışında qurumların ikili standartlarını sərt tənqid edərək vurğuladı: “İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra – 2021-ci ilin mayından 2026-cı il aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir”. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu qərəzli qətnamələrin ən sonuncusu bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edilib.
Prezident İlham Əliyevin 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün Azərbaycanda keçirilməsi təklifi və onun Ermənistan tərəfindən də dəstəklənməsi Cənubi Qafqazın gələcəyinin sülhdə olduğunun ən aydın mesajıdır. Göründüyü kimi, maneə olmaq istəyən bütün qüvvələrə baxmayaraq, Azərbaycan öz sülh missiyasını uğurla davam etdirir. Ən əsası, bölgədə normallaşma prosesinə mane olmaq istəyən qüvvələrin planları bundan sonra da fiaskoya uğrayacaq!
Ümumilikdə 2026-cı il mayın 4-də keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev videobağlantı formatında iştirak edərək regionda formalaşan yeni reallıqlar, Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesi və Avropa təsisatlarının yanaşması ilə bağlı mühüm mesajlar verdi. Prezidentin çıxışı həm regional sabitlik, həm də beynəlxalq münasibətlər kontekstində diqqət çəkən mühüm tezislərlə yadda qaldı.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



