AnalitikaGündəmSiyasət

Azərbaycanın enerji siyasəti: regional liderlikdən qlobal tərəfdaşlığa doğru

Müasir dünyada enerji amili dövlətlərin iqtisadi sabitliyini, siyasi nüfuzunu və milli təhlükəsizliyini müəyyən edən əsas faktorlardan biri hesab olunur. Qlobal enerji bazarında baş verən dəyişikliklər, alternativ enerji mənbələrinə keçid prosesinin sürətlənməsi və beynəlxalq münasibətlər sistemində yaranan yeni çağırışlar enerji siyasətinin strateji əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə Azərbaycan özünün zəngin enerji resursları, etibarlı tərəfdaş imici və uğurlu enerji diplomatiyası ilə beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələr sırasında yer alır.​​​​​​​​​​Azərbaycanın enerji sektorunda qazandığı nailiyyətlərin əsasında vaxtilə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası dayanır. Sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasət yeni məzmun qazanaraq daha geniş coğrafiyanı əhatə etmiş, ölkəmizin qlobal enerji xəritəsində mövqeyini daha da möhkəmləndirmişdir.​​Bu gün Bakı Enerji Həftəsi dünyanın enerji gündəliyində xüsusi yer tutan beynəlxalq tədbirlərdən biridir. Müxtəlif ölkələrdən dövlət rəsmilərinin, nüfuzlu enerji şirkətlərinin rəhbərlərinin, investorların və ekspertlərin iştirak etdiyi bu platforma enerji təhlükəsizliyi, innovativ texnologiyalar, yaşıl enerji və dayanıqlı inkişaf kimi aktual məsələlərin müzakirə olunduğu mühüm əməkdaşlıq məkanına çevrilib. ​​​​​​Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində çıxışı Azərbaycanın enerji siyasətinin uğurlarını və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı qeyd etdi ki, bu il keçirilən tədbir xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycanın enerji tarixində mühüm yer tutan Xəzər Neft və Qaz Sərgisinin 30 illik yubileyi qeyd olunur. Məhz həmin sərgi ölkəmizin beynəlxalq enerji əməkdaşlığına inteqrasiyasının başlanğıcı olmuş və sonradan reallaşdırılan irimiqyaslı layihələrin əsasını qoymuşdur.​​Çıxış zamanı qlobal enerji təhlükəsizliyi məsələlərinə də toxunulub. Prezident vurğulayıb ki, enerji resursları müasir iqtisadiyyatın inkişafında həlledici rol oynayır və dünya iqtisadiyyatının davamlı fəaliyyəti üçün enerji təminatı əsas şərtlərdən biridir. Bu baxımdan etibarlı enerji təchizatı bütün dövlətlərin strateji maraqları sırasında yer alır.​​​​​Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurların təməli 1994-cü ildən etibarən qoyulub. Həyata keçirilən neft və qaz layihələri ölkəyə böyük investisiyaların cəlb olunmasına, iqtisadi potensialın artmasına və sosial rifahın yüksəlməsinə imkan yaradıb. Bu siyasətin nəticəsində Azərbaycan regionun aparıcı enerji mərkəzlərindən birinə çevrilib.​​​Bu gün ölkənin maliyyə göstəriciləri də iqtisadi dayanıqlığın bariz nümunəsidir. Strateji valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi Azərbaycanın maliyyə təhlükəsizliyinin yüksək səviyyədə olduğunu göstərir. Bu amil ölkənin gələcək inkişaf layihələrinin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.​​​​​​​Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji diplomatiyasının beynəlxalq əhəmiyyətinə də diqqət çəkib. Hazırda Azərbaycan qazı bir sıra ölkələrin enerji təminatında mühüm rol oynayır. Xüsusilə Avropa bazarına ixrac edilən qaz enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və ölkəmizin etibarlı tərəfdaş statusunu daha da gücləndirir.​​​​​​​​​​​Cənub Qaz Dəhlizi Azərbaycanın son illərdə həyata keçirdiyi ən mühüm strateji layihələrdən biri kimi qiymətləndirilir. Bu layihə vasitəsilə Azərbaycan qazı geniş coğrafiyaya çatdırılır və beynəlxalq enerji təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verir. Eyni zamanda layihə regionun geosiyasi əhəmiyyətini artıran mühüm amillərdən biridir.

Ölkəmizin tranzit potensialı da son illərdə əhəmiyyətli dərəcədə yüksəlib. Azərbaycan Şərqlə Qərb arasında mühüm logistika və nəqliyyat mərkəzi kimi çıxış edir. Müasir infrastruktur layihələri və əlverişli coğrafi mövqe ölkəmizin beynəlxalq daşımalar sistemində rolunu gücləndirir.​​​​​​​​​​​​Bu istiqamətdə Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionun iqtisadi inteqrasiyasına yeni imkanlar açacaq, ticarət və nəqliyyat əlaqələrinin daha da genişlənməsinə şərait yaradacaqdır.​​Azərbaycanın inkişaf strategiyası yalnız enerji sektorunu əhatə etmir. Neft və qaz gəlirlərinin səmərəli idarə olunması hesabına qeyri-neft sektoru, sənaye istehsalı və emal sahələri də sürətlə inkişaf edir. İqtisadiyyatın şaxələndirilməsi ölkənin dayanıqlı inkişaf modelinin əsas istiqamətlərindən birinə çevrilib.​​​​​​​​​Bütün bunlar göstərir ki, Azərbaycan enerji sahəsində qazandığı uğurları yeni inkişaf mərhələsinə daşımaqdadır. Ölkəmiz həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də yaşıl enerji layihələrinin fəal iştirakçısı kimi beynəlxalq əməkdaşlığa töhfə verir. Bakı Enerji Həftəsi isə bu uğurların nümayiş etdirildiyi, yeni tərəfdaşlıqların qurulduğu və gələcək enerji gündəliyinin formalaşdırıldığı mühüm beynəlxalq platforma olaraq öz əhəmiyyətini qoruyub saxlayır.

Mehriban Ramazanova,
Xəzər rayonu, R.
Qasımov adına  216 nömrəli tam orta ümumtəhsil məktəbinin əllimi 

Oxşar Xəbərlər

Back to top button