
Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, 31-ci “Baku Energy Forum” isə Bakı Konqres Mərkəzində təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini vurğulayır. Ölkə başçısı sərgiləri ziyarət edərək iştirakçılar və ekspozisiyalar ilə tanış olur. Bu il “Baku Energy Week”ə dünyanın 46 ölkəsindən 276 şirkət qatılıb. Tədbirin coğrafiyası Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə edir. Almaniya və Rusiya Bakı Enerji Həftəsində milli pavilyon ilə təmsil olunur. Bu il sərgi iştirakçılarının 35%-ni yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60%-ni xarici şirkətlər, 40%-ni isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40%-ni əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir tarixində yeni bir səhifə açdı. Tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, təşkil olunan ilk Xəzər Neft və Qaz Sərgisi ölkənin uzunmüddətli enerji strategiyasının təməlini qoydu, Azərbaycanı qlobal enerji sektorunda etibarlı və vacib tərəfdaş kimi təsdiqlədi. Son üç onillikdə “Bakı Enerji Həftəsi” regionun aparıcı beynəlxalq enerji platformalarından birinə çevrilərək dövlət başçılarını, nazirləri, qlobal enerji şirkətlərini, investorları və sənaye mütəxəssislərini enerji sənayesinin gələcəyini formalaşdıran əsas prioritetləri müzakirə etmək üçün bir araya gətirmişdir. Bu il keçirilən tədbirə gəldikdə, regional enerji əməkdaşlığına, enerji təhlükəsizliyinə və beynəlxalq bazarlara enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfələr verən əlamətdar bir inkişaf olan “Şahdəniz” layihəsinin 30-cu ildönümünü qeyd etdiyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Bu mərhələnin əhəmiyyəti cari ildə həyata keçirilən proqram və müzakirələrdə öz əksini tapır. Bildiyiniz kimi, bu il keçirilən “Bakı Enerji Həftəsi”, həmçinin geniş beynəlxalq tədbirlər və yüksəksəviyyəli görüşlər proqramı ilə müşayiət olunur ki, bu da Azərbaycanın beynəlxalq dialoq, strateji tərəfdaşlıq və qlobal əməkdaşlıq üçün mühüm platforma kimi rolunu daha da gücləndirir. “Bakı Enerji Həftəsi” Azərbaycanın enerji siyasətinin uğurlarını və ölkənin beynəlxalq enerji təhlükəsizliyində artan rolunu bir daha nümayiş etdirir. Müstəqillik illərində həyata keçirilən məqsədyönlü enerji strategiyası Azərbaycanı regionun və Avropanın etibarlı enerji tərəfdaşlarından birinə çevirib. Bu gün ölkəmiz yalnız öz enerji təhlükəsizliyini təmin etmir, həm də bir çox dövlətlərin enerji təminatında mühüm rol oynayır. Dünyada davam edən geosiyasi gərginliklər, müharibələr və iqtisadi çağırışlar enerji məsələsini daha da aktuallaşdırır. Belə bir şəraitdə “Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf məsələlərinin müzakirə edildiyi mühüm platforma kimi çıxış edir. Tədbir göstərir ki, enerji siyasəti artıq təkcə iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyan amildir. “Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların əsasında təbii sərvətlərdən səmərəli istifadə və uzaqgörən dövlət siyasəti dayanır. Müstəqilliyin ilk illərində ağır sosial-iqtisadi vəziyyətlə üzləşən ölkə enerji resurslarını inkişafın əsas hərəkətverici qüvvəsinə çevirə bilib. Neft və qaz layihələri iqtisadiyyatın güclənməsinə, sosial rifahın yüksəlməsinə və dövlətin maliyyə imkanlarının genişlənməsinə şərait yaradır. Bu gün Azərbaycanın beynəlxalq enerji layihələrində iştirakı regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının müxtəlif ölkələrə nəqli enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Eyni zamanda, ölkənin təşəbbüsü ilə həyata keçirilən layihələr dövlətlər arasında qarşılıqlı etimadı və tərəfdaşlığı gücləndirir. Yaşıl enerji sahəsində atılan addımlar da Azərbaycanın gələcəyə hesablanmış siyasətinin tərkib hissəsidir. Bərpaolunan enerji mənbələrinin inkişafı, yeni enerji marşrutlarının yaradılması və nəqliyyat layihələrinin reallaşdırılması ölkənin strateji əhəmiyyətini daha da artırır. Xəzər regionunda və Mərkəzi Asiya istiqamətində həyata keçirilən təşəbbüslər Azərbaycanın regional əməkdaşlığın əsas iştirakçılarından biri olduğunu göstərir Bakı Enerji Həftəsi” bir daha sübut edir ki, düzgün enerji siyasəti dövlətin iqtisadi inkişafını sürətləndirir, beynəlxalq mövqeyini möhkəmləndirir və qlobal enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycanın qazandığı uğurlar təbii sərvətlərdən səmərəli istifadənin və milli maraqlara əsaslanan siyasətin uğurlu nəticəsidir”.
Qasımov Ayməddin,
Xəzər rayonu, 92 №Lİ tam orta ümumtəhsil məktəbi



