Analitika

Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir

Azərbaycan region və Avropa ölkələrinin enerji təhlükəsizliyinə təbii qazı və Cənub qaz dəhlizi ilə tövhə verən ölkədir. Bu dəhliz enerji böhranı zamanı tərəfdaşların enerji təchizatını diversifikasiya edərək təbii qazın etibarlı mənbədən fasiləsiz tədarükünə zəmanət verən strateji layihə kimi özünü təsdiqləyib. Qaz təchizatının coğrafiyasını daha da genişləndirmək Azərbaycanın gələcək planları arasındadır.

Bu il Azərbaycanda təqribən 48 milyarddan çox qaz istehsalı nəzərdə tutulub. Hasil ediləcək enerji əsasən Avropa ölkələrinə ixrac ediləcək. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 22 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət tərəfindən  Bakıda təkcə Cənub qaz dəhlizinin yox, həm də bütövlükdə Avrasiyanın enerji gündəliyini müzakirə edildi. Azərbaycan enerjisinin Avropaya ixrac məsələsi əsas müzakirə mövzularından biri idi. Azərbaycan Avropa İttifaqı ilə genişləndirilmiş strateji enerji tərəfdaşlığının bu mühüm prioritetinin icrasına artıq başlayıb. Nəticədə Avropaya qaz ixracında artım 45%-ə, tədarükçü ölkələrin sayı isə 8-ə yüksəlib. İxrac olunacaq mavi yanacağın tempinin cari ildə da davam edəcəyi məlum məsələdir.

Hazırda Avropa enerji təhlükəsizliyi məsələsində Azərbaycanı etibarlı tərəfdaşı hesab edir və bunun məntiqi nəticəsi olaraq Azərbaycandan Avropaya ixrac olunan enerjinin həcmi ildən-ilə artır. Lakin sirr deyil ki, Azərbaycandan Avropaya gedən enerjinin artımı həm də Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Belə ki, Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Avropanın enerji bazarı Rusiyanın manipulyasiyasına məruz qaldı. Bu onu göstərdi ki, Rusiya bu məsələdə etibarlı tərəfdaş deyil. Bu manipulyasiyaya qarşı mübarizədə Avropanın etibarlı tərəfdaşları yardım etdi. Azərbaycan kimi tərəfdaşlar Avropanın qaz marketinin stabilləşdirilməsində rol oynadı. Avropa heç vaxt Rusiya ilə əvvəlki həcmdə əməkdaşlıq etməyəcək. Azərbaycanla isə bu istiqamətdə dialoqlar davam edəcək. Avropa ölkələri Azərbaycan qazının etibarlı alıcılarıdır.

2023-cü ildə Avropa İttifaqına Azərbaycandan 12 milyard m3-dən çox təbii qaz tədarük edilib. Bu da 2021-ci ildən bəri 45%-dən çox artım deməkdir. Ümumilikdə isə Azərbaycan 2023-cü ildə Avropa İttifaqı, Türkiyə, Gürcüstan və Serbiya bazarına təqribən 23,9 milyard m3 təbii qaz ixrac edib.

Azərbaycanın enerji ehtiyatlarının nəqli sahəsindəki aktivliyi hər zaman bədxahların qısqanclığı ilə müşayiət olunub. 2015-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısından sonra “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi şayiələr daha da artmışdı və bu şayiələrin əsas məqsədi Avropa ölkələrini və investorlarını Azərbaycanla əməkdaşlıqdan çəkindirməyə xidmət edirdi. Lakin Azərbaycan elə o zaman da bildirirdi ki, ölkənin nəhəng qaz yataqları var və bu həcm Avropanın qaza olan ehtiyaclarını ödəyə bilər. Belə də oldu. Üstündən cəmi 10 il keçməsinə baxmayaraq, Cənub Qaz Dəhlizi artıq beynəlxalq əməkdaşlığın unikal formatını əks etdirən bir platformaya çevrilib. Bu platformada təmsil olunan dövlətlər, şirkətlər və maliyyə institutları arasında əməkdaşlıq illər ərzində bir çox digər sahələri də əhatə edə bilib.

Azərbaycan tərəfi enerji təhlükəsizliyini hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edib, şaxələndirmənin vacibliyini vurğulayıb və bunun tək marşrutlara deyil, həm də mənbələrə şamil edilməsinin tərəfdarı olub. Dünyadakı hazırkı geosiyasi vəziyyət də Azərbaycanın haqlı olduğunu göstərir. Bu gün Cənub Qaz Dəhlizinə bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı da yeni mənbədir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.

Cənub Qaz Dəhlizinə qoşulmaq üçün bir neçə ölkə və maliyyə institutlarından müraciətlərə baxılır. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilir. Çünki bu vaxta qədər hələ elə bir hal olmayıb ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsin. Yəni, Azərbaycan hər zaman, Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, sözünün imza qədər dəyərli olduğunu sübut edib.

Cənub Qaz Dəhlizinin təməli 2014-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələri Cənub Qaz Dəhlizinin əsas seqmentləri sayılır. XXI əsrin nəhəng enerji dəhlizinin açılışı isə 2018-ci il mayın 29-da  Bakıda baş tutub.

Cənub Qaz Dəhlizinin ilk seqmenti olan “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropa və Türkiyəyə çatdıran nəhəng enerji layihəsidir. Sözügedən layihə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil olunan illik 10 milyard kubmetrdən əlavə daha 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutur. 2006-cı ilin sonlarında istismara verilmiş “Şahdəniz” yatağının ilkin balans ehtiyatı 1 trilyon kubmetrdən artıq təbii qaz və 2 milyard bareldən artıq kondensat həcmində qiymətləndirilib. “Şahdəniz-2” layihəsi Avropa bazarlarının “mavi yanacaq”la təchizatına, bir sıra ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Cənub Qaz Dəhlizinin yaradılması, ilk növbədə, 2006-cı ilin sonlarında istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi zərurətini yaradıb. Bu məqsədlə marşrutun Azərbaycan ərazisindən keçən hissəsində yeni boru kəməri inşa olunub. Bununla da, illik ötürmə qabiliyyəti 7,4 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəmərinin gücü 24 milyard kubmetrə çatdırılıb. Gələcəkdə isə lazım gəldiyi təqdirdə kəmərin illik ötürmə qabiliyyəti 34 milyard kubmetrə çatdırıla bilər.

“Şahdəniz” qazını Türkiyənin dərinliklərinə nəqlini həyata keçirən  TANAP-ın təməlqoyma mərasimi 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində keçirilib. Bununla da, boru kəmərinin inşasına start verilib. 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu Boru Kəmərinin açılışı olub. Həmin ayın 30-da ilk kommersiya qazının bu kəmərlə Türkiyəyə nəqlinə başlanılıb. Noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Uzunluğu 1850 kilometr olan TANAP-ın illik ötürmə gücü hazırda 16,2 milyard kubmetr təşkil edir. Azərbaycanın zəngin qaz ehtiyatları, eləcə də Avropada “mavi yanacağa” tələbatın artması ilə əlaqədar gələcəkdə sözügedən kəmərin illik ötürmə qabiliyyətinin 30,7 milyard kubmetrədək artırılması gözlənilir.

Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri Xəzər regionunun qazını Avropaya  nəql etmək məqsədilə inşa edilib. Adıçəkilən kəmərin təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib və tikinti işlərinə başlanılıb. Qeyd edək ki, uzunluğu 880,8 kilometr olan kəmərin 551,5 kilometri Yunanıstan, 215,9 kilometri Albaniya, 105 kilometri Adriatik dənizi, 8,4 kilometri isə İtaliya ərazisindən keçir. Hazırda kəmərlə il ərzində 10 milyard kubmetr qaz nəql olunur. Lakin yaxın illərdə Avropaya qaz tədarükünün artması ilə əlaqədar olaraq bu həcmin 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TAP kəməri 2020-ci il noyabrın 15-də istismara verilib və kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirilib. Həmin il dekabrın 31-də isə Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünə başlanılıb. Bununla da, ölkəmiz Avropanın bazarının mühüm qaz tədarükçülərindən birinə çevrilib. Yeri gəlmişkən, 2021-ci ildə 8,2 milyard kubmetr, 2022-ci ildə isə 11,4 milyard kubmetr təbii qaz Azərbaycandan Trans-Adriatik Boru Kəməri ilə Avropaya daxil olub.

Cənub Qaz Dəhlizi ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın və tərəfdaşlığın daha da təşviqi, bu yolla daha geniş regionda iqtisadi inkişafı, əlaqəni və enerji təhlükəsizliyini təşviq edən mexanizmdir. Albaniya təbii qaz təchizatını yeni enerji mənbəyi kimi əldə etmək, daxili enerji ehtiyaclarını dəstəkləmək və elektrik enerjisindən asılılığı azaltmaq, eyni zamanda ev təsərrüfatları, sənayelər və bizneslər üçün əlçatanlığı yaxşılaşdırmaq üçün TAP-dan istifadə etmək üzrə yaxşı mövqeyə malikdir.

“Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazı dünya neft-qaz təsərrüfatı sistemində yeni və ən sərfəli mənbələrdən biri hesab edilə bilər.  Həmçinin, “Cənub qaz dəhlizi” Avropa ölkələrinə axıdılan qazı əhatə edən yeni enerji damarı olmaqla bu ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayan layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən hər bir ölkənin maraqlar balansı gözlənilir. Yəni layihənin iştirakçı tərəflərinin maraqları təmin edilir və  bu da bütün iştirakçı dövlətlərin həm enerji təhlükəsizliyinin təmin edilməsi, həm də dövlətlərarası əlaqələrin genişləndirilməsində çox önəmli amil rolunu icra edən əsas şərtlərdən biridir.

Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button