
Azərbaycanın dövlətçilik tarixində 2023-cü ilin sentyabrında baş verən hadisələr xüsusi əhəmiyyət daşıyır. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin Qarabağ bölgəsində separatçı silahlı birləşmələrin mövcudluğuna son qoyuldu, Azərbaycanın Konstitusiya quruluşu və dövlət suverenliyi bütün ərazidə tam bərpa edildi. Bu tarixi Zəfər Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin də işğaldan azad olunmasını təmin etdi.
Bu hadisə Azərbaycan xalqının uzun illər ərzində gözlədiyi tarixi ədalətin bərpası idi. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində uzun müddət işğal altında qalan ərazilərimizin azad edilməsi istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilmiş, güclü iqtisadiyyat və qüdrətli ordu yaradılmışdı. 2020-ci ilin Vətən müharibəsində qazanılan Böyük Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ oldu. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri isə dövlətimizin öz suveren ərazilərində tam hakimiyyətini təmin etməsi ilə nəticələndi.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycan tarixində mühüm yeri olan şəhərlərdir. Bu şəhərlərin azad edilməsi təkcə ərazi məsələsinin həlli deyildi. Bu, Azərbaycanın dövlət suverenliyinin təmin edilməsi, Konstitusiyanın bütün ölkə ərazisində hüquqi qüvvəsinin bərqərar olması və dövlətimizin ərazi bütövlüyünün tam təmin edilməsi baxımından mühüm tarixi hadisə idi.
Xüsusilə Xocalının adı xalqımızın yaddaşında dərin iz buraxmış faciə ilə bağlıdır. 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş qətliam Azərbaycan xalqının yaddaşında sağalmaz yara kimi qalmışdır. Xocalının 2023-cü ilin sentyabrında Azərbaycanın tam nəzarətinə keçməsi həm də uzun illər davam edən ədalətsizliyin aradan qaldırılması baxımından böyük mənəvi-siyasi əhəmiyyət daşıyır.
Xankəndinin azad edilməsi isə xüsusi tarixi və siyasi məna kəsb edirdi. Uzun illər separatizmin mərkəzinə çevrilmiş şəhərdə Azərbaycan dövlətinin suverenliyi bərpa edildi. Azərbaycan bayrağının Xankəndidə dalğalanması dövlətimizin öz tarixi torpaqları üzərində tam hüquqi və siyasi hakimiyyətinin rəmzinə çevrildi.
Bu tarixi hadisənin əhəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Qarabağa səfəri zamanı daha da aydın şəkildə nümayiş etdirildi. Dövlət başçısı həmin gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Prezidentin həmin şəhərlərdə üçrəngli bayrağımızı ucaltması Azərbaycan dövlətinin suverenliyinin əyani ifadəsi olmaqla, xalqımız üçün böyük qürur və fəxarət mənbəyinə çevrildi.
Xüsusilə Xankəndidə Dövlət Bayrağının ucaldılması tarixi bir an idi. Prezident İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında çıxışı zamanı bu günü tarixi gün kimi qiymətləndirdi və Azərbaycan xalqının bu günü 30 ildən artıq müddətdə gözlədiyini vurğuladı. Dövlət başçısının sözləri həmin anın yalnız bir hərbi-siyasi qələbə deyil, həm də xalqımızın milli iradəsinin və dövlətçilik əzminin təntənəsi olduğunu göstərirdi.
Prezident İlham Əliyevin həmin gün Xankəndidə Azərbaycan Bayrağını ucaltması həm də dövlət başçısının illər əvvəl qarşıya qoyduğu strateji məqsədin həyata keçirilməsinin rəmzi idi.
Bu tarixi hadisələrin əhəmiyyətini əbədiləşdirmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edildi. Beləliklə, hər il sentyabrın 20-si həmin şəhərlərin tarixində yeni mərhələnin başlanğıcı kimi qeyd olunur. Vaxtilə işğal və dağıntı ilə üzləşmiş bu şəhərlərdə indi genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Məqsəd həmin əraziləri yenidən dirçəltmək, müasir infrastruktur yaratmaq və Böyük Qayıdış proqramı çərçivəsində insanların öz doğma yurdlarına qayıdışını təmin etməkdir. Beləliklə, hər bir yeni yol, məktəb, yaşayış kompleksi, sosial obyekt və digər infrastruktur layihəsi Azərbaycanın əldə etdiyi Zəfərin davamlı nəticələrini nümayiş etdirir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azad edilməsi Azərbaycan xalqının milli iradəsinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətinin təcəssümüdür. 20 sentyabrın bu şəhərlərin günü kimi qeyd edilməsi isə həmin tarixi Zəfərin gələcək nəsillərin yaddaşında qorunmasına xidmət edir.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



