
28 May Azərbaycan xalqının milli yaddaşında azadlıq, istiqlal və dövlətçilik rəmzi kimi xüsusi yer tutur. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təkcə Azərbaycanın deyil, bütün Şərqin ilk parlamentli demokratik respublikası kimi tarixə düşdü. Bu böyük hadisə xalqımızın müstəqil yaşamaq əzmini və milli iradəsini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın əsrlərlə formalaşan dövlətçilik ənənələrinin məntiqi davamı idi. Müsəlman Şərqində ilk dəfə olaraq demokratik idarəçilik prinsiplərinin tətbiqi, parlamentin formalaşdırılması və insan hüquqlarına əsaslanan dövlət modelinin yaradılması həmin dövr üçün mühüm tarixi yenilik sayılırdı. Qısa müddətdə həyata keçirilən islahatlar Azərbaycanın gələcək inkişafının təməlini qoydu.
Cümhuriyyət dövründə milli ordu quruculuğuna xüsusi önəm verildi, dövlət bayrağı və digər rəmzlər qəbul olundu. Təhsilin inkişafı, milli kadrların hazırlanması və qadınlara seçki hüququnun verilməsi Azərbaycanın müasir və dünyəvi dövlət modelinə sahib olduğunu göstərirdi. Bu addımlar Azərbaycan xalqının yüksək siyasi düşüncəsinin və tərəqqi istəyinin göstəricisi idi.
1920-ci ildə Cümhuriyyətin süqut etməsinə baxmayaraq, xalqımız müstəqillik ideyalarından heç vaxt vaz keçmədi. Azərbaycan insanı uzun illər ərzində azadlıq arzusu ilə yaşayaraq milli kimliyini və dövlətçilik ruhunu qoruyub saxladı. Bu ideyalar sonrakı dövrdə yenidən müstəqilliyimizin bərpasında əsas rol oynadı. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunması tarixi 28 May ənənələrinin davamı oldu. Ulu Öndər Heydər Əliyev tərəfindən dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət ölkəmizin sabit və güclü inkişafını təmin etdi. Müstəqillik dövründə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı.
Bu gün Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan öz suverenliyini və milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır. Qarabağda əldə olunan tarixi zəfər və həyata keçirilən genişmiqyaslı quruculuq işləri müstəqil Azərbaycanın qüdrətini bütün dünyaya göstərir. Dövlətimizin siyasi və iqtisadi uğurları xalqımızın birliyinin nəticəsidir.
28 May – Müstəqillik Günü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Bu əlamətdar tarix xalqımızın azadlıq uğrunda apardığı mübarizənin, milli həmrəyliyinin və sarsılmaz dövlətçilik iradəsinin təcəssümüdür. Azərbaycanın müstəqilliyi əbədi, dönməz və sarsılmazdır.
Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini



