Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində də əlaqələrin çoxillik tarixi var

11 mart 2024-cü ildə Prezident Jomard- Kasım Tokayevin Azərbaycana rəsmi səfəri bir daha Azərbaycan – Qazaxıstan əlaqələrinin sıx müttəfiqlik və xalqlarımız arasında qardaşlıq münasibətlərinə əsaslandığını göstərdi. Dövlət başçılarımızn qarşılıqlı səfərlərinin xronologiyası dövlətlərimiz arasındakı münasibətlərin dinamizmin göstəricisi sayıla bilər. Belə ki, 2022-2023-cü illər ərzində Azərbaycan Prezidenti 4 dəfə Qazaxıstana, Qazaxıstan Prezidenti isə 3 dəfə Azərbaycana səfər ediblər. Qazaxıstan Prezidentinin 11 mart 2024-cü il səfəri çərçivəsində 10 dövlətlərarası sənəd imzalanıb. Bu sənədlər enerji, nəqliyyat və yükdaşımalar, rəqəmsal inkişaf, elm, təhsil və səhiyyə, qarşılıqlı sərmayələrin qoyuluşu və s. sahələrdə qarşılıqlı əməkdaşlığın tənzimlənməsini və daha da gücləndirilməsini nəzərdə tutur. Hər iki ölkənin son illər ərzində böyük sərmayələr yatırdığı Trans Xəzər Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların artırılması, regional sülhün təmin edilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər də səfər zamanı müzakirə olunan əsas məsəslələr sırasında olub. Prezidentlər TDT çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsini qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirib, bu təşkilatın doğma ölkələri birləşdirdiyini və böyük inkişaf potensialına malik olduğunu vurğulayıblar. Qazaxıstan və Azərbaycan Şərqlə Qərb arasında münasibətlərin bütün aspektlərinə mühüm təsir göstərən Orta Dəhliz konsepsiyasının ən vacib seqmentləri kimi Avrasiyada gedən ciddi geosiyasi transformasiya proseslərinin mərkəzində dayanırlar.
Dövlət başçıları işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan dövləti tərəfindən tikilmiş Qurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın bu dəstək addımını xalqlarımız arasında dostluğun və qardaşlığın rəmzi adlandırıb. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə və Qarabağın işğaldan azad edilməsində ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəyə və eləcə də həmin ərazilərdə bərpa-quruculuq işlərinə göstərdiyi dəstəyə görə Qazaxıstan dövlətinə və xalqına minnətdarlıq ifadə edib. Getdikcə daha aydın və dolğun ölçülər alan Mərkəzi Asiya geopolitikası bu məkanın Türk sivilizasiyası bətnindən doğulmuş müasir dövlətlərinin – Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın daxili inteqrasiyasını başa çatdırmaq üzrədir. Bütövlükdə Mərkəzi Asiya türk dövlətlərinin Xəzərdən qərbə doğru daha iki türk dövləti – Azərbaycan və Türkiyə ilə münasibətləri isə tarixdə indiyədək olmadığı qədər səmimi və yaxındır. Mərkəzi Asiya – Qafqaz – Qərbi Asiya türk dövlətləri indi sadəcə olaraq deklarativ şəkildə bir-birini dəstəkləmirlər, onlar vahid siyasi platformada birləşmənin konstruktiv əsaslarını yaradırlar. Qazaxıstan da Mərkəzi Asiyada elə bir siyasət yürüdür ki, regionun türk dövlətləri arasında münasibətlərini zədələyə biləcək hansısa “təhlükəli element” müttəfiqləşmə prosesinin qarşısını ala bilməsin. Neoimperializm düşüncəsi ilə hərəkət edən, stereotip qəliblərlə düşünən bir çox geopolitiklər “Böyük Oyunun” qızğın çağında (1904) Halford Makkinderin irəli sürdüyü nəzəriyyəni hələ də az qala müqəddəs ayə kimi təkrar edirlər: “İçtorpağı (yəni Mərkəzi Asiyanı) idarə edən Dünya adasına (yəni Avrasiyaya) hökm edir; Dünya adasını idarə edən bütün Dünyaya hökm edir”. Ancaq onlar unudurlar ki, indi Mərkəzi Asiya “Britaniya şiri”, “Rusiya ayısı” və “Çin əjdahası” arasında qalan, feodal dağınıqlığı içərisində bir-birindən qopub-səpələnən çarəsiz toplumların torpağı deyil. Bu günkü Mərkəzi Asiya milli özünüdərk səviyyəsinə yüksəlmiş intellektual cəmiyyətlərin qurduğu suveren respublikaların inteqral geopolitik məkanı – Türkistandır. Qərb, Rusiya, Çin və s. dövlətlərlə tərəfdaşlıq əlaqələrindən fərqli olaraq, Qazaxıstan Respublikasının eyni siyasi taleyi bölüşən Mərkəzi Asiya respublikaları ilə münasibətləri türk sivilizasiyasının beşiyində böyümüş doğma xalqlarla müttəfiqliyin ən yüksək səviyyəsində qurulmaqdadır. Mövcud siyasi reallıqların həssas nöqtələrini və incəliklərini nəzərə alan Qazaxıstan Respublikası qardaş Özbəkistan, Türkmənistan və Qırğızıstanla münasibətlərini bütün perspektiv istiqamətlər üzrə inkişaf etdirir. Türk dünyası üçün milli maraqların, universal tarixi və geopolitik dünyagörüşlərinin qovuşduğu, bir vəhdət təşkil etdiyi effektli fəaliyyət sferası isə türk dövlətlərinin müştərək siyasəti və bu siyasətin funksional institutu olan Türk Dövlətləri Təşkilatıdır.
Kərimov Qara,
YAP-ın fəalı