Analitika

Azərbaycan və Litva strateji tərəfdaşlar kimi möhkəm əlaqələr qurub

Azərbaycan bu gün xarici dövlətlər üçün təhlükəsiz ölkələr sırasındadır. İstər siyasi, istərsə də iqtisadi əməkdaşlıqlar üçün Azərbaycan bu gün ən ön sıralarda qərarlaşan ölkələrdəndir. 

Prezident İlham Əliyevin mütəmadi olaraq xarici səfərləri, imzalanan sənədlər, razılaşmalar da bunu deməyə əsas verir.

İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı səsləndirdiyi fikirlər də Avropa ölkələri ilə əməkdaşlıqların genişləndiyini ehtiva edir.

“Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir”, – deyə Prezident İlham Əliyev Litvada rəsmi səfəri zamanı mətbuat verdiyi bəyanatda vurğulayıb.

Litva ilə Azərbaycanın tarixi əlaqələri var. Həmçinin Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. İkitərəfli münasibətlər qarşılıqlı maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və reallaşan səfərlər, keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlərlə yüksələn xətlə daha da inkişaf edir. Səfər çərçivəsində prezidentlərin məhdud və geniş tərkibdə görüşlərinin keçirilməsi, əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması  iki ölkənin münasibətlərinin gələcək inkişafı barədə aydın təsəvvür yaradır.

Azərbaycan,  Litva üçün Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli ölkə, həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır. Litvada və Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi aparıldı. Azərbaycan Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biridir. Azərbaycanda xüsusilə nəqliyyat, tikinti, ticarət, xidmət sahələrində Litva investisiyalı 20 kommersiya qurumu fəaliyyət göstərir. Ümumilikdə Azərbaycandan Litvaya 36 milyon  dollar məbləğində sərmayə qoyulub. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, eyni zamanda, investisiya yatıran ölkə kimi nüfuz qazanıb. Bu mühüm amil də ölkəmizin iqtisadi imkanlarının genişliyini təsdiqləyir. Səfər çərçivəsində imzalanan sənədlər , əlaqələrin inkişafında yeni bir mərhələyə yol açır.

Bu səfər zamanı  ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində Azərbaycan-Litva sənədləri imzalandı, ikitərəfli müzakirələr aparıldı, biznes forum təşkil edildi.Bütün bunlar ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə əhəmiyyətli təsir göstərəcək.

Mətanət Cəfərova,
YAP fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button