
Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd edib ki, Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
Bu, bizim birinci görüşümüz deyil, biz Sizinlə bir neçə dəfə beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük və mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Çox minnətdaram və şadam ki, mənim dəvətimi qəbul edib bu gün Azərbaycanda səfərdəsiniz. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək.
Bu gün Sizinlə həm təkbətək, həm geniştərkibli görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunmuşdur, konkret addımlar müəyyən edilmişdir. Bu gün qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
Siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır.
Parlamentlərarası əlaqələr inkişaf edir. Hər iki ölkədə dostluq qrupları yaradılmışdır və bu da özlüyündə bir göstəricidir. Çünki biz, eyni zamanda, bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik. Hakim partiyalarımız da sıx əməkdaşlıq edir, bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanmışdır.
Siyasi müstəvidə əlaqələr çox uğurla inkişaf edir. Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi.
Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Ümid edirəm ki, Bakıda keçiriləcək Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq, həm məlumat mübadiləsi nəzərdə tutulur, eyni zamanda, mən cənab Prezidentə də bunu bildirdim ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik.
Ləman Cəlilova,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru



