AnalitikaGündəmSiyasət

Təhsil hər bir cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdən biridir

Təhsilin keyfiyyətinin yüksəldilməsi, sağlam mənəvi mühitin formalaşdırılması və gənc nəslin milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişdirilməsi dövlətin təhsil siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır.

Məktəb yalnız bilik və bacarıqların öyrədildiyi məkan deyil, eyni zamanda şəxsiyyətin formalaşdığı, intizamın, məsuliyyətin və qarşılıqlı hörmətin aşılandığı mühüm tərbiyə mühitidir. Məktəbdə müəyyən edilmiş geyim qaydalarına əməl olunması bu mühitin sağlam və nizamlı şəkildə təşkilinə töhfə verir. Səliqəli və vahid məktəbli geyimi təhsil müəssisəsinin ümumi görünüşünü tamamlayır, şagirdlərdə məktəbə bağlılıq və kollektivə mənsubiyyət hissini gücləndirir.

Vahid məktəbli geyiminin əsas üstünlüklərindən biri təhsilalanlar arasında sosial bərabərliyin dəstəklənməsidir. Şagirdlərin geyimlərinə görə fərqləndirilməsinin qarşısının alınması, maddi imkanların xarici görünüş vasitəsilə nümayiş etdirilməsinin məhdudlaşdırılması məktəbdə sağlam münasibətlərin formalaşmasına şərait yaradır. Belə bir yanaşma uşaqların diqqətinin geyim və zahiri görünüşdən daha çox təhsilə, biliklərə və şəxsi inkişaflarına yönəlməsinə kömək edir.

Təhsilalanların geyimi ilə bağlı tələblər müəyyən edilərkən onların yaş xüsusiyyətləri, sağlamlığı, rahatlığı və sərbəst hərəkət imkanları nəzərə alınmalıdır. Məktəbli geyimi təmiz, səliqəli, rahat və təhsil mühitinə uyğun olmalıdır. Eyni zamanda bu qaydaların tətbiqi zamanı şagirdlərin hüquq və ləyaqətinə hörmət edilməsi, heç bir uşağın geyiminə və ailəsinin maddi vəziyyətinə görə ayrı-seçkiliyə məruz qalmaması vacibdir.

Məktəb mühitində yalnız şagirdlərin deyil, təhsilverənlərin də xarici görünüşü xüsusi əhəmiyyət daşıyır. Müəllim cəmiyyətin gələcəyini formalaşdıran, gənc nəslə biliklə yanaşı davranış və məsuliyyət nümunəsi göstərən şəxsdir. Buna görə də müəllimlərin geyimi peşəkar fəaliyyətə, pedaqoji etikaya və səliqəlilik prinsiplərinə uyğun olmalıdır. Təhsilverənlərin nümunəvi davranışı və peşəkar görünüşü məktəbdə qarşılıqlı hörmətin, etimadın və sağlam mənəvi mühitin möhkəmlənməsinə xidmət edir.

Geyim qaydalarının uğurla tətbiqində məktəb rəhbərliyinin və valideynlərin də üzərinə mühüm vəzifələr düşür. Məktəb rəhbərliyi mövcud tələbləri şagirdlərə və valideynlərə aydın şəkildə izah etməli, qaydaların icrasına ardıcıl və ədalətli yanaşmalıdır. Valideynlər isə uşaqlarında məktəb qaydalarına hörmət, səliqəlilik və məsuliyyət hissinin formalaşmasına dəstək göstərməlidirlər. Bu prosesdə qarşılıqlı əməkdaşlıq və maarifləndirmə inzibati yanaşmadan daha səmərəli nəticələr verə bilər.

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhçisi

Oxşar Xəbərlər

Back to top button