Analitika

Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya örnəkdir

Dünyada bir-birinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən, həmrəylik göstərən başqa bir nümunə tapmaq çətindir. Azərbaycan və Türkiyə xalqlarının eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə doğma etmiş, sevincli, kədərli günlərdə də bir-birinin yanında olmasına şərait yaratmışdır. Xalqlarımızın yaxşı gündə də, pis gündə də bir-birinə dayaq olması, yardım əlini uzatması, əlbəttə ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsini, möhkəm əlaqələrin salsılmaz xarakterini bir daha təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirdi. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi.Azərbaycan Prezidenti qeyd etdi ki, bu böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə etdi. Bu gün dünyada ikinci belə bir dövlət yoxdur ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, dayaq, dəstək, qardaş ola. Tarixi köklərimiz, ortaq dəyərlərimiz, dinimiz bir olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir və güclənir. Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün cətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən layiqincə gəlirik. Necə ki bu barədə Prezident İlham Əliyev deyib: “Biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi”.

Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button