Analitika

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu

Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı.

Prezident İlham Əliyev görüş zamanı çıxışında vacib məqamlara diqqət yetirmişdir. O, qeyd etmişdir ki, Beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq biz, həmçinin postpandemiya dövrü haqqında düşünməli olduq. Beləliklə, Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Biz burada qlobal əhəmiyyətə malik məsələləri müzakirə etdik və pandemiyadan sonrakı dövrdə daha yaxşı bərpa üzrə fikirlərimizi bölüşdük. Eləcə də sədrliyimiz dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqam Vətən müharibəsində bizim tarixi Qələbəmiz oldu. 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir. 30 il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdi, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirdi. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Ermənistan 1992-ci ildə Xocalı şəhərində 613 azərbaycanlını, o cümlədən 106 qadını və 63 uşağı yalnız etnik mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdi. Ermənistanın işğalının digər mənfi fəsadı minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı.

Prezident İlham Əliyev çıxışı zamanı onu da bildirdi ki, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir.

Prezident İlham Əliyev sonda Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinə həmrəyliklərinə və Azərbaycana sədrliyini uğurla həyata keçirmək üçün göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Əliyeva Sevinc,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button