AnalitikaGündəmSosial

Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında daima mühüm yer tutub

Qadınların tarixdə rolu danılmazdır. Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan tarixində də dərin iz qoyan qadınların sayı kifayət qədər çoxdur. Buna nümunə olaraq Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi  lider qadınlarımızı deyə bilərik.

Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer vermişdir. Onun sayəsində bir çox lider qadınlar yetişmişdir. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər H.Əliyevin apardığı dövlət qadın siyasətinin davamı olaraq, möhtərəm prezidentimiz İlham Əliyev cənabları  mütəmadi olaraq qadınlara xüsusi diqqət, qayğı göstərir, onların əməyini yüksək səviyyədə qiymətləndirir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha yüksəldilməsində böyük rol oynamışdır. Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət dayanır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq siyasəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər bütün qadınlara örnəkdir. O, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifi olmaqla yanaşı, birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, hərkəsə yardım edir. Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən,  keçmiş məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının başlıca uğurudur.

Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyi olmuşdur. Birinci Qarabağ müharibəsində 2300 qadın iştirak edib. Onlar  müxtəlif vəzifələrdə – tibb bacısı, döyüşçü, köməkçi, şöbə rəisi, rabitə işçisi və aşbaz kimi fəaliyyət göstərib və Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetiriblər.Vətən uğrunda neçə-neçə qadın şəhid olub. Onlardan 2 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında daima mühüm yer tutub. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunmuş, fərman və sərəncamlar imzalanmış, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının təminatı istiqamətində mühüm amil olmuşdur.Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olmuşdur.

8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. 8 mart ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər/Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq etmişdir.

Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi Milli Məclisdə də uğurla təmsil olunur. V çağırış Milli Məclisə 21, VI çağırış Milli Məclisə 22, VII çağırış Milli Məclisə 26 qadın deputat seçilmişdir. 2020-ci il martın 10-dan Milli Məclisin sədri Sahibə Əli qızı Qafarovadır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə həyata keçirilir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdən biridir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə  “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur.

Ölkə qadınları bu gün cəmiyyətin bərabərhüquqlu üzvü kimi hüquqlarını qorumağa, problemlərini həll etməyə qadirdir. Bu gün qadınlarımız təkcə xeyirxah və insanpərvər layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalararası mədəni dialoqun qurulmasında mühüm rol oynayır.

Həsənsoy Zamirə,
Xəzər rayonu, 292 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button