
Azərbaycan və Özbəkistan arasında münasibətlər əsrlərin sınağından çıxmış ortaq tarixi, mənəvi və mədəni dəyərlər üzərində formalaşıb. Hər iki xalqı bir-birinə yaxınlaşdıran yalnız dövlətlərarası maraqlar deyil, eyni zamanda dil, din, adət-ənənələr, ortaq mənəvi irs və türk dünyasına mənsubluq hissidir. Bu yaxınlıq xalqlarımız arasında dərin qarşılıqlı rəğbətin yaranmasına, qardaşlıq münasibətlərinin nəsildən-nəslə ötürülməsinə şərait yaradıb.
Azərbaycan xalqı ilə özbək xalqının tarixi keçmişi bir çox məqamlarda ortaq dəyərlərlə səciyyələnir. Böyük türk sivilizasiyasının ayrılmaz hissəsi olan bu xalqlar əsrlər boyu öz milli kimliklərini, mədəniyyətlərini və mənəvi dəyərlərini qoruyaraq zəngin irs formalaşdırıblar. Ədəbiyyat, incəsənət, musiqi, xalq yaradıcılığı və dövlətçilik ənənələri iki xalq arasındakı yaxınlığın mənəvi əsaslarını daha da gücləndirib.
Müstəqillik dövründə Azərbaycan-Özbəkistan əlaqələri yeni mərhələyə qədəm qoyaraq daha dinamik və məzmunlu xarakter alıb. Dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, qarşılıqlı dəstək və beynəlxalq məsələlərdə həmrəylik hər iki ölkənin münasibətlərində mühüm yer tutub. Son illərdə bu əlaqələrin inkişafı xüsusilə sürətlənib, siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar münasibətlər və regional məsələlər üzrə qarşılıqlı fəaliyyət daha geniş məzmun qazanıb.
Bu gün Azərbaycan və Özbəkistan arasında formalaşmış münasibətlər adi diplomatik əməkdaşlıq çərçivəsindən xeyli kənara çıxaraq ən yüksək səviyyəyə – müttəfiqlik mərhələsinə yüksəlib. Bu, iki dövlət arasında mövcud olan qarşılıqlı etimadın, siyasi iradənin və ortaq gələcək baxışlarının göstəricisidir. Müttəfiqlik münasibətləri yalnız imzalanmış sənədlərlə deyil, həm də həyata keçirilən konkret layihələr, qarşılıqlı səfərlər, intensiv siyasi dialoq və xalqlar arasındakı səmimi münasibətlərlə möhkəmlənir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və yüksək etimad dövlətlərarası əlaqələrin inkişafında mühüm rol oynayır. İki liderin münasibətlərə xüsusi diqqət yetirməsi Azərbaycan-Özbəkistan qardaşlığının daha da möhkəmlənməsinə, əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə şərait yaradıb.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu rəğbət süni şəkildə yaradılmış və ya yalnız siyasi proseslərin nəticəsində meydana çıxmış münasibət deyil. Onun kökləri xalqlarımızın tarixi yaddaşında, ortaq mənəvi dünyasında və əsrlər boyu formalaşmış qardaşlıq duyğularında yaşayır. Məhz buna görə də dövlətlərarası əlaqələrin inkişafı xalqlar tərəfindən böyük məmnunluqla qarşılanır.
Azərbaycan və Özbəkistanın bir-birinə göstərdiyi dəstək xüsusilə çətin və taleyüklü dövrlərdə özünü aydın şəkildə nümayiş etdirib. Qarşılıqlı hörmətə əsaslanan münasibətlər hər iki ölkənin suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına verilən dəstəklə daha da möhkəmlənib. Bu yanaşma dövlətlər arasında siyasi etimadın yüksək səviyyədə olduğunu göstərir.
İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi də Azərbaycan-Özbəkistan münasibətlərinin əsas istiqamətlərindən biridir. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə etməyə imkan yaradır. Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi, iqtisadi imkanları və regionda həyata keçirdikləri layihələr əməkdaşlıq üçün geniş perspektivlər açır.
Nəqliyyat və logistika sahəsində tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı kimi regionun tranzit imkanlarının genişlənməsində fəal rol oynayır. Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olaraq regional iqtisadi əlaqələrin inkişafında mühüm mövqeyə malikdir. Bu imkanların birləşdirilməsi Avrasiya məkanında yeni iqtisadi və nəqliyyat perspektivlərinin yaranmasına xidmət edir.
İki ölkə arasında mədəni-humanitar əməkdaşlıq da qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm vasitədir. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, ədəbiyyat və incəsənət xadimləri arasında əlaqələrin genişlənməsi, tələbə və gənclərin mübadilə proqramlarında iştirakı xalqlarımızın bir-birini daha yaxından tanımasına şərait yaradır. Mədəniyyət sahəsində əməkdaşlıq siyasi və iqtisadi münasibətlərin mənəvi dayaqlarını daha da gücləndirir.
Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında Özbəkistanın göstərdiyi qardaşlıq dəstəyi iki ölkə arasındakı münasibətlərin xüsusi məzmununu nümayiş etdirir. Özbək xalqının və dövlətinin Azərbaycanın dirçəliş prosesinə verdiyi töhfə qardaşlığın yalnız sözlərdə deyil, real addımlarda da öz əksini tapdığını göstərir. Bu, xalqlarımız arasındakı dostluğun gələcək nəsillər üçün də mühüm mənəvi nümunə olduğunu təsdiqləyir.
Prezident Şavkat Mirziyoyevin Azərbaycan ilə əlaqələrin inkişafına verdiyi xüsusi diqqət ölkəmizdə yüksək qiymətləndirilir. Onun Azərbaycan və Özbəkistan arasında qardaşlıq, birlik və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi istiqamətində qətiyyətli fəaliyyəti iki dövlət arasındakı əməkdaşlığın bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayıb. Prezident Mirziyoyevin səmimi münasibəti və siyasi iradəsi Azərbaycan xalqında dərin hörmət və rəğbət doğurub.
İlham Əliyev və Şavkat Mirziyoyev arasında mövcud olan dostluq münasibətləri dövlət başçıları arasındakı şəxsi ünsiyyətlə məhdudlaşmır. Bu münasibətlər iki ölkənin strateji maraqlarının uzlaşmasına, qarşılıqlı etimada və ortaq gələcəyə dair baxışların uyğunluğuna əsaslanır. Məhz bu amillər Azərbaycan-Özbəkistan əməkdaşlığının davamlı və uzunmüddətli inkişafını təmin edən əsas şərtlərdəndir.
Müasir dövrdə dünyada baş verən mürəkkəb siyasi və iqtisadi proseslər dövlətlər arasında etibarlı tərəfdaşlığın əhəmiyyətini daha da artırır. Belə şəraitdə Azərbaycan və Özbəkistanın bir-birinə arxalanması, regional və beynəlxalq məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirməsi mühüm əhəmiyyət daşıyır. Hər iki ölkə müstəqil siyasət yürüdərək milli maraqlarını qoruyur, eyni zamanda əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə sadiq qalır.
Ariz Məmmədli,
YAP Xətai Rayon Təşkilatının fəalı



