AnalitikaGündəmSiyasət

Azərbaycan–İtaliya strateji tərəfdaşlığının yeni mərhələsi

2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidendi İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında Bakıda keçirilən görüş və verilən bəyanatlar Azərbaycan–İtaliya münasibətlərinin həm siyasi, həm də iqtisadi baxımdan çoxşaxəli xarakter daşıdığını nümayiş etdirdi. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Sözügedən səfər yalnız diplomatik protokol xarakteri daşımayıb, həm də Azərbaycan–İtaliya əlaqələrinin dərinləşdirilməsi baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət kəsb etmişdir.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin əsas dayaqlarından biri enerji əməkdaşlığıdır. Xüsusilə Azərbaycanın Avropaya qaz ixracında İtaliya aparıcı tərəfdaşlardan biri kimi çıxış edir. Trans-Adriatik Boru Kəməri vasitəsilə həyata keçirilən qaz nəqli Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və Azərbaycanın strateji əhəmiyyətini artırır. Bakıda keçirilən görüşdə tərəflər enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, eyni zamanda bərpa olunan enerji istiqamətində yeni imkanların araşdırılması məsələlərini də müzakirə ediblər.

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Sənaye, kənd təsərrüfatı və texnologiya sahələrində birgə layihələrin həyata keçirilməsi iqtisadi münasibətlərin daha da şaxələndirilməsinə zəmin yaradır. Bu əməkdaşlıq modeli qarşılıqlı faydaya əsaslanır və uzunmüddətli perspektivlərə yol açır.

Azərbaycan–İtaliya münasibətləri tarixi baxımdan da möhkəm təməllərə əsaslanır. Hər iki ölkə arasında diplomatik əlaqələr uzun müddətdir mövcuddur və tərəflər beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. Bu münasibətlər yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, eyni zamanda humanitar, təhsil və mədəniyyət sahələrini də əhatə edir. Məsələn, birgə layihələr, o cümlədən ali təhsil sahəsində həyata keçirilən təşəbbüslər əməkdaşlığın davamlılığını təmin edir.

İtaliya Azərbaycanın təkcə ən böyük ticarət tərəfdaşı deyil, həm də milli maraqlarımızın müdafiəsində çıxış edən ən sadiq strateji müttəfiqlərindən biridir. Birgə bəyanatda Azərbaycan-İtaliya münasibətlərinin bütövlükdə Avrasiya məkanında sabitlik, iqtisadi tərəqqi və strateji həmrəylik üçün nümunəvi, uzunmüddətli və konyunkturdan asılı olmayan bir model olaraq qaldığını vurğulayan Prezident İlham Əliyev qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Qonşu Ermənistanda keçirilən çoxtərəfli tədbirdən dərhal sonra İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri İtaliyanın Cənubi Qafqazdakı prioritetlərini və real müttəfiqlik ünvanını aydın nümayiş etdirir. Meloni Bakı səfəri ilə İtaliyanın Azərbaycanın ərazi bütövlüyünə, regional liderliyinə və sülh gündəliyinə verdiyi dəstəyi bir daha bütün dünyaya bəyan etmiş oldu.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

 

Oxşar Xəbərlər

Back to top button