AnalitikaGündəmSiyasət

Azərbaycan bayrağı – Zəfərimizin və ərazi bütövlüyümüzün rəmzidir

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın min illik tarixini, qəhrəmanlıq ənənələrini və müstəqillik uğrunda aparılan mübarizəni özündə yaşadan müqəddəs rəmzdir. Hər bir azərbaycanlı üçün üçrəngli bayraq sadəcə dövlət atributu deyil, Vətənə bağlılığın, milli birliyin, azadlığın və suverenliyin ifadəsidir. Məhz buna görə də 9 Noyabr – Dövlət Bayrağı Günü xalqımız tərəfindən böyük qürur və ehtiram hissi ilə qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” Bu fikirlər Dövlət Bayrağımızın xalqımızın həyatında tutduğu mühüm yeri, onun mənəvi və siyasi əhəmiyyətini aydın şəkildə ifadə edir.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət atributu kimi istifadədən çıxarılsa da, xalqımızın yaddaşından və qəlbindən silinmədi. Milli müstəqillik ideyası nəsildən-nəslə ötürüldü, üçrəngli bayrağımız isə azadlıq mübarizəsinin müqəddəs rəmzi olaraq yaşamaqda davam etdi. 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında tarixi qərar qəbul edildi. Üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu və onun Azərbaycan Respublikasının dövlət rəmzi kimi tanınması məsələsi qaldırıldı. Həmin sessiyada Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması ilə bağlı da mühüm qərar qəbul edildi.
Heydər Əliyev bu tarixi hadisəni xatırlayaraq demişdir: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrliyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçəyə və meydana qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən etdik…” Bu qərar Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan yolda mühüm siyasi və tarixi addım oldu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Beləliklə, xalqımızın milli azadlıq arzularının rəmzi olan üçrəngli bayrağımız yenidən dövlətçilik tariximizdə öz layiqli yerini tutdu.
Azərbaycan bayrağındakı üç rəng xalqımızın milli ideallarını və mənəvi dəyərlərini ifadə edir. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğumuzu simvolizə edir. Bayrağımızın üzərindəki ağ aypara və səkkizguşəli ulduz da milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Ümummilli Lider Heydər Əliyev bayrağa münasibətdə hər bir vətəndaşın məsuliyyətini xüsusi vurğulayaraq bildirmişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”
Bu sözlər hər birimizin qarşısında mühüm vəzifə qoyur. Dövlət rəmzlərinə hörmət yalnız bayram günlərində deyil, gündəlik həyatımızda, fəaliyyətimizdə, Vətənə münasibətimizdə özünü göstərməlidir. Xüsusilə gənc nəslin dövlətçilik tariximizi dərindən öyrənməsi, bayrağımızın keçdiyi şərəfli yolu bilməsi və milli dəyərlərə bağlı ruhda yetişməsi mühüm əhəmiyyət daşıyır.
Müstəqil Azərbaycanın tarixində Dövlət Bayrağının ucalığı və əhəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində daha parlaq şəkildə təcəssüm olunmuşdur. Dövlət başçısı bayrağımızı milli qürur mənbəyi, xalqımızın birliyinin və dövlətimizin gücünün ifadəsi kimi daim yüksək dəyərləndirmişdir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Prezident İlham Əliyev bayrağımızın əhəmiyyətini xüsusi vurğulayaraq demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir.”Prezidentin bu fikirləri xalqımızın dövlət rəmzlərinə olan münasibətini, milli birliyin və vətənpərvərliyin mahiyyətini ifadə edir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanması milli tariximizin ən şərəfli səhifələrindən birinə çevrildi. Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda, Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Ağdamda və digər ərazilərimizdə Azərbaycan bayrağının ucaldılması xalqımızın çoxəsrlik arzusunun gerçəkləşməsi idi. Bu gün üçrəngli bayrağımız Qarabağda, Xankəndidə, Xocalıda, Şuşada və Azərbaycanın bütün suveren ərazilərində qürurla dalğalanır. Bu mənzərə şəhidlərimizin qanı bahasına əldə edilmiş Zəfərin, dövlətimizin qüdrətinin və xalqımızın sarsılmaz iradəsinin təcəssümüdür.
9 Noyabr – Dövlət Bayrağı Günü hər bir Azərbaycan vətəndaşının qəlbində milli qürur və vətənpərvərlik hisslərini daha da gücləndirən əlamətdar gündür. Üçrəngli bayrağımız keçmişimizin şanlı tarixini, bu günümüzün qüdrətini və gələcəyimizin parlaq hədəflərini özündə birləşdirir. Bu bayraq uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı bayrağımızın ucalığını daha da artırır.
Bu gün hər birimiz üçün əsas vəzifə müstəqil dövlətimizin güclənməsinə töhfə vermək, milli dəyərlərimizi qorumaq, dövlət rəmzlərimizə hörmətlə yanaşmaq və üçrəngli bayrağımızın şərəfini hər zaman uca tutmaqdır.

Azər Ağayev,
YAP Tərtər rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button