Azərbaycan adı dünya azərbaycanlılarını birləşdirən ən böyük dəyərdir
Dünya dövlətləri arasında öz dövlətini yaratmaq, milli mövcudiyyətini qorumaq hər bir xalqa nəsib olmur. Bunun üçün xalqın milli şüuru, azadlıq eşqi, birliyi və həmrəyliyi olmalıdır. Bizim xalq olaraq xoşbəxtliyimiz ondadır ki, bu cür mürəkkəb bir coğrafiyada, imperialist maraqların toqquşduğu bir regionda müstəqilliyimizi elan edə bilmişik. Bu isə şübhəsiz ki, xalqın milli birliyi və həmrəyliyi sayəsində baş tutub.
Bu gün cəsarətlə demək olar ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların vahid təşkilatlar çərçivəsində cəmləşməsi və təşkilatlanaraq milli diaspora çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev bu müqəddəs ideyanın gerçəkləşməsi naminə vaxtını və imkanlarını əsirgəməmiş, dünya azərbaycanlılarının ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi kimi müqəddəs qayə ətrafında sıx birləşməsi üçün hər şeyi etmişdi. Sonralar ümummilli lider 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününun dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
Heydər Əliyev dünya azərbaycanlılarının qarşısında duran vəzifələri dəqiq və aydın müəyyənləşdirirdi: onlar ilk növbədə öz milli kimliklərini dərk və hifz etməli, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini, tarixini yaşatmalı, inkişaf etdirməlidirlər. Dünyada yaşayan soydaşlarımız, eyni zamanda, ana Vətənlə əlaqələrini möhkəmləndirməli, Azərbaycan dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət daşımalı, Azərbaycanın ən böyük problemi olan Ermənistanın təcavüzü məsələsinin dünyada ədalətli mövqedən, obyektiv təbliği istiqamətində ardıcıl işlər görməlidirlər. Azərbaycan hökuməti də Vətənimizin get-gedə artan maddi və mənəvi potensialından, siyasi nüfuzundan bütün dünya azərbaycanlılarının bəhrələnməsinə şərait yaratmalı, onların milli və vətəndaş hüquqlarının qorunması üçün istifadə etməlidir. Bu vəzifələrin uğurla icrasını təmin etmək üçün ulu öndər ilk növbədə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (sonradan Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması haqqında fərman verdi, 2001-ci ilin noyabrında isə Dünya Azərbaycanlılarının birinci qurultayını keçirdi. Bu tədbir xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, ümummilli ideyalar ətrafında birləşməsi və təcavüzkar düşmənə qarşı mübarizəsinin təşkili baxımından böyük hadisə idi. Məhz bundan sonra dünya ölkələrində saxtakar erməni təbliğatına ilk sarsıdıcı zərbələr endirilməyə başlandı.
Sonrakı mərhələdə Prezident İlham Əliyevin riyakar və saxta erməni siyasətinə qarşı müdafiə deyil, hücum mövqeyindən çıxış etmək siyasəti diaspor təşkilatlarımız tərəfindən də uğurla icra edilməyə başlandı. Bununla da 2003-cü ildən etibarən istər Azərbaycan diplomatiyası, istərsə də diaspor təşkilatlarımız ermənilərin yalançı təbliğatına bir-birinin ardınca ağır zərbələr endirməyə başladı.
Məhz bu cür uğurlu fəaliyyətin nəticəsi idi ki, Vətən Müharibəsində həm hərbi, həm də diplomatik qələbə qazana bildik. Bu müharibədən sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız hər yerdə müəyyən imkanlar daxilində mübarizə apardılar. Onlar da Ali Baş Komandanı özü üçün lider kimi qəbul etdi və haqlı mövqeyimizi dəstəklədi. Xalqımızın bu cür həmrəyliyi bütün dünya üçün nümunədir. Biz sübut etdik ki, Azərbaycan adı bizi hər situasiyada birləşdirir.
Həmrəyliyimiz əbədi olsun !
Əli Babazadə,
YAP-ın gənc fəalı