
8 Mart – Beynəlxalq Qadınlar Günü qadınların hüquqları və cəmiyyətdəki rolunun tanınması məqsədilə qeyd olunan mühüm bir tarixdir. Qadınlar tarix boyu cəmiyyətin ayrılmaz hissəsi olmuş, həm ailədə, həm də ictimai həyatda mühüm rol oynamışlar. Azərbaycanda qadınların ictimai fəallığının yüksəlməsi XIX əsrin sonlarından başlayaraq daha intensiv xarakter almışdır. Xüsusilə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçki hüququ verməsi ölkəmizi dünyanın qabaqcıl dövlətlərindən birinə çevirmişdir. Bu, Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində fəal iştirakına imkan yaratmışdır.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti qadın hüquqlarının qorunması və onların ictimai-siyasi həyatda aktiv iştirakını təmin etmək üçün müxtəlif qanunvericilik aktları qəbul etmişdir. Xüsusilə, 1998-ci ildə qadın siyasətinə dair fərmanların imzalanması, 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə mühüm addımlardan biri olmuşdur. Qadınların hüquqi müdafiəsini gücləndirmək məqsədilə “Gender bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul edilmişdir. Eyni zamanda, Azərbaycan qadınları bir çox beynəlxalq konvensiyalara qoşulmuş, onların əmək, sosial və iqtisadi hüquqlarını qoruyan qanunvericilik sisteminin təkmilləşdirilməsinə töhfə vermişlər.
Bu gün Azərbaycan qadınları siyasət, iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə mühüm nailiyyətlər əldə edirlər. Dövlətin qadın siyasətini dəstəkləməsi onların müxtəlif sahələrdə lider mövqelərdə təmsil olunmasına imkan yaratmışdır. Gender bərabərliyinin təmin edilməsi və qadınların inkişafına şərait yaradılması Azərbaycanın sosial siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.
Turan Zeynalzadə,
YAP Xəzər rayon təşkilatının fəalı