20 Yanvar xalqımızın azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib
“1990-cu ilin yanvarın 20-də baş vermiş qanlı hadisədən 33 il ötür. Hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Xalq həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbçilərinin qorxunc qaragüruhuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.
“Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin ertəsi günü – yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən yol verilmiş kobud siyasi səhv olduğunu bəyan etdi.”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar ulu öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.
Onun sözlərinə görə, ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 20 Yanvar faciəsi məhz ümummilli lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.
Rəşadət Xalıqov əlavə edib ki, bu gün ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib yeni reallıq yaratdı, dəmir yumruq qalib gəldi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.