AnalitikaGündəmSiyasət

182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi və iqtisadi gücünün, eləcə də qlobal təşəbbüslərdə artan rolunun növbəti təsdiqinə çevrilib. Bakıda keçirilən və 182 ölkədən 45 mindən çox iştirakçını bir araya gətirən bu mötəbər tədbir şəhərsalma, dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik və müasir yaşayış mühiti kimi mühüm mövzuların müzakirə olunduğu əsas beynəlxalq platformalardan biri hesab edilir. Forumun yüksək səviyyədə təşkili Azərbaycanın böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək imkanlarını bir daha nümayiş etdirir.

Tədbirin əhəmiyyətini artıran əsas məqamlardan biri Azərbaycanın son illərdə şəhərsalma və bərpa-quruculuq sahəsində qazandığı təcrübənin beynəlxalq səviyyədə maraq doğurmasıdır. Azərbaycan və UN-Habitat arasında əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə keçirilən Azərbaycan Milli Şəhərsalma forumları artıq regionun ən vacib platformalarından birinə çevrilib. Bu forumlarda dayanıqlı şəhər modelləri, “ağıllı şəhər” konsepsiyası, yaşıl enerji həlləri və müasir infrastruktur layihələri geniş şəkildə təqdim olunub.

Prezident İlham Əliyev forumun açılış mərasimində çıxışı zamanı Azərbaycanın qədim tarixə və zəngin memarlıq irsinə malik olduğunu xüsusi vurğulayıb. Bildirib ki, Bakı şəhəri qədimliklə müasirliyin vəhdətini özündə birləşdirən nadir məkanlardan biridir. Paytaxtda tarixi abidələrin qorunması ilə yanaşı, müasir memarlıq layihələrinin həyata keçirilməsi Azərbaycanın şəhərsalma siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısı çıxışında Azərbaycanın qədim şəhərlərinin tarixi əhəmiyyətinə də diqqət çəkib. Şamaxının qədim mədəniyyət mərkəzi olması, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin zəngin memarlıq ənənələri, Qəbələ və Şəkinin tarixi irsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Xüsusilə, Qarabağın tacı sayılan Şuşada həyata keçirilən yenidənqurma və bərpa işlərinin müasir şəhərsalmanın uğurlu nümunələrindən biri olduğu qeyd olunub.

Forum çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr də beynəlxalq qonaqlarda böyük maraq doğurub. Ağdam, Füzuli, Zəngilan və digər bölgələrdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrası Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. Bu ərazilərdə müasir yollar, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və yaşıl enerji infrastrukturu qurulur. Böyük Qayıdış proqramı çərçivəsində artıq minlərlə insan doğma torpaqlarına qayıdaraq yeni və müasir şəraitdə yaşayır.

Prezident İlham Əliyev çıxışında ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu da vurğulayıb. Bakı şəhərində həyata keçirilən “Ağ Şəhər” layihəsi sənaye tullantıları ilə çirklənmiş ərazilərin müasir və ekoloji yaşayış məkanına çevrilməsinin uğurlu nümunəsi kimi qiymətləndirilir. Eyni zamanda, sahilyanı ərazilərdə həyata keçirilən “Sea Breeze” layihəsi müasir şəhərsalma və turizm infrastrukturunun inkişafına xidmət edən önəmli layihələrdən biri hesab olunur.

Son illərdə Bakıda onlarla yeni parkın və ictimai məkanın salınması, elektrik avtobusların istifadəsinin genişləndirilməsi, metro və mikromobillik imkanlarının artırılması şəhərin ekoloji və sosial baxımdan daha komfortlu məkana çevrilməsinə xidmət edir. Bu yanaşma Azərbaycanın dayanıqlı inkişaf konsepsiyasına verdiyi önəmin göstəricisi kimi dəyərləndirilir.

WUF13 çərçivəsində keçirilən görüşlər və Liderlər Sammiti Azərbaycanın beynəlxalq dialoq mərkəzi kimi rolunu daha da gücləndirir. Xarici ölkələrin nümayəndələri Bakının sürətli inkişafını, şəhərsalma sahəsində əldə olunan nailiyyətləri və işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərini yüksək qiymətləndirirlər. Forum bir daha göstərir ki, Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda da dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində nümunəvi ölkələrdən birinə çevrilməkdədir.

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

 

Oxşar Xəbərlər

Back to top button