AnalitikaGündəmSiyasət

Milli qürur mənbəyimiz olan üçrəngli bayrağımız

Hər bir xalq üçün özünütəsdiq simvolu olan, qürur və güvənc yeri sayılan dövlət bayrağı ölkənin və xalqın kimliyinin, düşüncə tərzinin və mənəvi dünyasının görünən ən işıqlı meyarıdır. Dövlət bayrağı bütün xalqlar üçün onun milli kimliyini, azadlıq düşüncəsini və dövlətçilik iradəsini ifadə edən müqəddəs rəmzlərin ən birincisi hesab olunur. Xalqımızın milli-mənəvi dünyasını, tarixi köklərini, müasir inkişaf arzularını və ümumbəşəri dəyərlərə bağlılığını mavi, qırmızı və yaşıl rənglərin vəhdətində əks etdirən Azərbaycan Bayrağının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrindən başlayır.

Bu gün suverenliyini bərpa etmiş Müstəqil Azərbaycan Respublikasının bütün ərazilərində qürurla dalğalanan müqəddəs bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Xalqımızın müstəqillik ideallarının rəmzi kimi tarixə düşən üçrəngli bayrağımız Sovet hakimiyyəti illərində dövlətçilik həyatımızdan çıxarılsa da, xalqımızın yaddaşında və milli düşüncəsində daim yaşayıb və onun yenidən ucaldılması isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Dövlət Bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Həmin sessiyada Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması da milli dövlətçilik ənənələrinin bərpası istiqamətində atılan mühüm siyasi addım oldu. Həmin vaxt sovet siyasi sisteminin hələ qüvvədə olduğu şəraitdə belə bir qərarın qəbul edilməsi böyük cəsarət, siyasi uzaqgörənlik və milli maraqlara sarsılmaz sədaqət tələb edirdi. Ulu Öndər bununla xalqımıza müstəqilliyin mümkünlüyünə inam aşıladı, milli dövlətçilik ideyasının yenidən dirçəlməsinə güclü təkan verdi və bu təşəbbüs Azərbaycanın müstəqilliyə gedən yolunda mühüm mərhələ olmaqla milli dövlətçilik ideyalarının möhkəmlənməsinə yol açdı.

1991-ci il fevralın 5-də üçrəngli bayrağımız Azərbaycan Respublikasının Ali Soveti tərəfindən ikinci dəfə dövlət rəmzi kimi təsdiq edildi və müstəqilliyimizin bərpasından sonra Azərbaycanın əsas dövlət atributlarından biri kimi qəbul olundu. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra üçrəngli bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı.

Bu gün Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkə rəhbərinin milli ideyalara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı dövlət rəmzlərimizə göstərilən diqqətin bariz nümunəsi oldu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə Dövlət Bayrağımızın rəmzi əhəmiyyətini daha da artırdı. Torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası nəticəsində üçrəngli bayrağımız bütün ərazilərimizdə ucaldıldı.

 

Tağı İmamverdiyev,  
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button