AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikasının Dövlət Bayrağı – dövlətçilik və milli birliyin rəmzi

Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə əks etdirən ən müqəddəs rəmzlərdən biri Dövlət Bayrağıdır. Hər il noyabrın 9-u ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın tarixə, milli dəyərlərə və dövlət müstəqilliyinə olan ehtiramının ifadəsidir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Üçrəngli bayrağımız Azərbaycan xalqının azadlıq və müstəqillik arzularının rəmzinə çevrilmişdir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra dövlət bayrağımızdan istifadə dayandırılsa da, milli istiqlal ideyası xalqımızın qəlbində yaşamağa davam etmişdir.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq yenidən qaldırılmış və rəsmi dövlət bayrağı kimi qəbul edilmişdir. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı dövlət bayrağı kimi təsdiq etmişdir. Beləliklə, xalqımızın müstəqillik uğrunda mübarizəsinin əsas rəmzlərindən biri öz tarixi yerini yenidən tutmuşdur.

Azərbaycan Respublikasının Dövlət Bayrağı üç rəngdən – mavi, qırmızı və yaşıl rənglərdən ibarətdir. Hər bir rəng dərin məna daşıyır. Mavi rəng Azərbaycan xalqının türk mənşəyini, türkçülük ideyasını, qırmızı rəng müasirliyi, inkişafı və demokratiyanı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğu ifadə edir. Bayrağın üzərindəki ağ rəngli aypara və səkkizguşəli ulduz isə milli və mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir.

2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunmağa başlanmışdır. Bu qərar dövlət rəmzlərimizə olan hörmət və ehtiramın daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Azərbaycan bayrağı ölkəmizin hər bir guşəsində, dövlət müəssisələrində, təhsil ocaqlarında, meydanlarda və beynəlxalq tədbirlərdə qürurla dalğalanır. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması xalqımızın yaddaşında əbədi yaşayacaq qürurverici hadisələrdəndir.

Dövlət Bayrağı Günü yalnız bir bayram deyil, həm də hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti xatırladan əlamətdar gündür. Bayrağımıza hörmət etmək, onu qorumaq, dövlətçiliyimizə və müstəqilliyimizə sahib çıxmaq hər bir azərbaycanlının mənəvi borcudur. Xüsusilə gənc nəslin milli ruhda, vətənpərvərlik və dövlətçilik ənənələrinə sadiqlik ruhunda tərbiyə olunmasında dövlət rəmzlərimizin böyük rolu vardır.

Üçrəngli bayrağımız bizim milli kimliyimiz, müstəqilliyimiz və qürur mənbəyimizdir. O, keçmişimizdən gələcəyimizə uzanan şərəfli yolun, xalqımızın birliyinin və sarsılmaz iradəsinin rəmzidir.

Bayrağımız daim yüksəklərdə dalğalansın!

Yunis Eyyubov,    
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button