AnalitikaGündəmSiyasət

Şuşa – Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi

Şuşa Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan müqəddəs şəhərlərimizdən biridir. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi adlandırılan Şuşa əsrlər boyu görkəmli şairlər, bəstəkarlar, sənətkarlar və tarixi şəxsiyyətlər yetişdirmişdir.

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun qəhrəmanlığı, igidliyi və böyük şücaəti nəticəsində Şuşa şəhəri işğaldan azad edildi. Bu tarixi hadisə Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı və 44 günlük Vətən müharibəsində qələbəmizin əldə olunmasında mühüm rol oynadı. Şuşanın azad edilməsi xalqımızın uzun illər davam edən həsrətinə son qoydu, hər bir azərbaycanlının qəlbində böyük sevinc və qürur hissi yaratdı.

Şuşa uğrunda aparılan döyüşlər Azərbaycan əsgərinin Vətən sevgisini, cəsarətini, döyüş ruhunu və torpaqlarımızın azadlığı uğrunda göstərdiyi fədakarlığı nümayiş etdirdi. Bu qələbə xalqımızın milli birliyinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətinin təcəssümü oldu. Şuşa təkcə coğrafi məkan deyil, həm də Azərbaycan xalqının milli kimliyinin, tarixinin və mədəniyyətinin ayrılmaz hissəsidir.

Bu gün şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, tarixi abidələr, məscidlər, mədəniyyət ocaqları yenidən öz əvvəlki görkəminə qaytarılır. Şuşada keçirilən beynəlxalq tədbirlər, festivallar və mədəniyyət layihələri şəhərin yenidən dirçəlişini nümayiş etdirir. Şuşanın azad olunması Azərbaycanın şanlı tarixinin unudulmaz səhifəsi, gələcək nəsillərə ötürüləcək qəhrəmanlıq nümunəsidir. Şuşa bizim qürurumuz, tariximiz, milli sərvətimiz və əbədi Vətənimizdir!

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button