AnalitikaGündəmSiyasət

Milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzi

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik arzularını özündə təcəssüm etdirən Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur. Bu əlamətdar gün üçrəngli bayrağımıza olan dərin ehtiramın, milli birliyimizin və dövlət müstəqilliyimizin təntənəsidir.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il noyabrın 9-da üçrəngli Dövlət Bayrağını qəbul etməklə xalqımızın dövlətçilik tarixində mühüm bir səhifə açmışdır. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bayrağımız milli düşüncəmizin, müasirlik və inkişaf arzularımızın, mənəvi dəyərlərimizin rəmzinə çevrilmişdir. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və demokratiyanı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadə olunmasa da, xalqımızın azadlıq və müstəqillik ideyası yaşamaqda davam etmişdir. Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarına sadiqliyi və Azərbaycançılıq məfkurəsinin inkişafı bu ideyanın qorunmasında mühüm rol oynamışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyasında üçrəngli bayrağımız yenidən dövlət bayrağı kimi qəbul edilmişdir. Bu tarixi qərar müstəqilliyimizin bərpasına gedən yolda mühüm siyasi hadisə olmuşdur.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir. Beləliklə, xalqımızın milli müstəqillik rəmzi yenidən dövlətçiliyimizin əsas atributlarından birinə çevrilmişdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağımız suverenliyimizin, milli iradəmizin və beynəlxalq aləmdə tanınmağımızın əsas simvollarından biri olmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət rəmzlərinə, xüsusilə Dövlət Bayrağına hörmət və ehtiramın gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam imzalanmış, 2009-cu il noyabrın 9-da isə həmin meydanın təməli qoyulmuşdur. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan edilmişdir. Bu qərar üçrəngli bayrağımıza göstərilən dövlət ehtiramının və milli dəyərlərimizə verilən yüksək qiymətin ifadəsidir.

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Dövlət Bayrağımızın tarixində yeni və şanlı səhifə açmışdır. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi, üçrəngli bayrağımızın Qarabağ və Şərqi Zəngəzurda dalğalanması xalqımızın milli qürurunu daha da yüksəltmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər dövlətimizin gücünü, xalqımızın birliyini və əyilməz iradəsini bütün dünyaya nümayiş etdirmişdir.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa olunmuşdur. Bununla da üçrəngli bayrağımız ölkəmizin bütün ərazilərində dalğalanmağa başlamışdır. Xankəndidə, Xocalıda, Ağdərədə və digər yaşayış məntəqələrində Azərbaycan Bayrağının ucaldılması tarixi ədalətin və milli suverenliyimizin təntənəsi kimi yadda qalmışdır.

Dövlət Bayrağımız həm də Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini yaşadır. Bu bayraq altında birləşən Azərbaycan xalqı öz torpaqlarının müdafiəsi, dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün təmin olunması naminə böyük fədakarlıq nümayiş etdirmişdir. Şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi üçrəngli bayrağımızın mənəvi dəyərini daha da artırmışdır.

Bu gün Azərbaycan Bayrağı dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların qarşısında, idman arenalarında və diplomatik nümayəndəliklərimizdə qürurla dalğalanır. Bu, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi və iqtisadi gücünün, xalqımızın milli birliyinin göstəricisidir. Dövlət Bayrağı Günü hər bir Azərbaycan vətəndaşına Vətən qarşısında məsuliyyətini, milli dəyərlərə bağlılığını və dövlət müstəqilliyinin qorunmasının vacibliyini xatırladır. Xüsusilə gənc nəslin üçrəngli bayrağımızın tarixini, onun daşıdığı mənəvi və ideoloji dəyərləri dərindən bilməsi mühüm əhəmiyyət kəsb edir. Bayrağımıza hörmət dövlətimizə, xalqımıza və Vətənimizə hörmətin ifadəsidir.

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir, müstəqil Azərbaycanımızın üçrəngli bayrağının daim ucalarda dalğalanmasını arzulayırıq. Qoy bu müqəddəs bayraq hər zaman azadlığımızın, suverenliyimizin, milli birliyimizin və parlaq gələcəyimizin rəmzi olaraq yüksəklərdə dalğalansın!

 

Əli Paşayev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button