
Hər il təqvim noyabra çevriləndə payızın sərinliyi bir başqa cür duyulur. Amma bu sərinliyin içində elə bir köz var ki, illər keçsə də, hərarətindən bir zərrə belə soyumur. Söhbət sadəcə təqvim vərəqindən, rəsmi rəqəmlərdən getmir. Söhbət otuz illik səssizliyin, haqsızlığın və “alınmaz” deyilən divarların darmadağın edildiyi o möhtəşəm 8 Noyabr səhərindən gedir.
Etiraf edək ki, uzun illər ərzində bu torpağın hər bir övladı daxilində qəribə bir yük daşıyırdı. Xəritəyə baxanda gözümüzün daim o sərhədlərdə ilişib qalması, hər dəfə Qələbə xəbərlərini gözlədiyimiz o qara-qış günləri heç vaxt yaddaşımızdan silinməyəcək. Amma 2020-ci ilin o payızı… Həmin payızın küləyi başqa cür əsirdi. Hər gün gələn “kənd alındı”, “qəsəbə azad olundu” xəbərləri ürəyimizdəki buz bağlamış yerləri tədricən əridirdi.
Hər kəs öz işi ilə məşğul olur, gündəlik həyatını davam etdirirdi. Amma əslində, beyinlərin və ürəklərin yönəldiyi vahid bir nöqtə var idi: Qarabağ, cəbhə xətti, əsgərimizin addım səsləri. O günlərdə hər kəs öz həyatından bir parça qoydu ortaya: yuxusuz gecələr, radiolardan gələn səslərə kilidlənən baxışlar, “Görəsən, bu gün kim sağ-salamat qayıtdı?” həyəcanı… Bu, sadəcə dövlətin müharibəsi deyildi. Bu, hər birimizin evindən keçən, ruhumuza damla-damla yazılan bir diriliş dastanı idi.
Və o xəbər gəldi… 8 Noyabr! Şuşanın azad olunması xəbəri eşidiləndə küçələrə axışan insanların gözlərindəki işığı başqa heç nə ilə ölçmək mümkün deyildi. Həmin an kədər və sevinc bir-birinə qarışmışdı. İllərdir içimizdə saxladığımız o ağır düyün bir anda açıldı, sanki bütün xalq eyni anda dərindən nəfəs aldı.
Həmin gün anladıq ki, Qələbə yalnız hərbi texnikanın gücü ilə deyil, haqqın və ədalətin səbrlə, ləyaqətlə qorunmasının nəticəsidir. Əsgərimizin o sıldırım qayalara əliyalın, dişini sıxaraq dırmaşması film səhnəsi deyil, bizim gerçək tariximiz, qanımızla yazılan şərəfimiz idi.
Bu gün həmin tarixi Zəfərdən illər ötür. Həyat öz axarında davam edir: işimiz, gücümüz, qayğılarımız, gündəlik təlaşımız… Amma şəhərin küçələrindən keçərkən bayrağımızın yüksəklərdə dalğalandığını görəndə içimizdə o köhnə qürur yenidən baş qaldırır. Bilirik ki, arxamızda bizə sahib çıxan, bizimlə eyni nəfəsi alan böyük bir güc, sarsılmaz bir ləyaqət var.
8 Noyabr bizim üçün sadəcə Qələbə Günü deyil. Bu, “Bacardıq!” deməyin, özümüzə olan inamımızı geri qaytarmağın, başımızı dik tutmağın rəmzidir. Torpağa qovuşanların ruhu şad, bu yolu qət edən igidlərimizin hər biri var olsun! Çünki onlar bizə sadəcə torpaqlarımızı deyil, həm də gələcəyə inamla baxmaq haqqını qaytardılar.
Natiq Kərimli,
YAP Şirvan şəhər təşkilatının əməkdaşı



