AnalitikaGündəmSiyasət

Zəfərə aparan yol: Qüdrətli dövlət, müzəffər ordu və milli birlik

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 8 Noyabr – Zəfər Günü təkcə hərbi qələbənin deyil, otuz ilə yaxın davam edən həsrətin, haqq-ədalətin və milli ləyaqətin bərpasının təntənəsidir. Bu şanlı tarixə gedən yol heç də hamar olmayıb. Əksinə, hər qarış torpaq uğrunda dövlətimizin, xalqımızın və ordumuzun çəkdiyi zəhmət, göstərdiyi iradə və səbir bu gün qazandığımız Qələbənin əsasını təşkil etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hər birimiz azadlıq gününü öz işimiz və fədakarlığımızla yaxınlaşdırmağa çalışırdıq. Nəticədə milyonların arzuladığı o müqəddəs gün gerçəyə çevrildi.

İşğal illərində ölkəmizin qarşısında duran mütləq və dəyişməz prioritet torpaqlarımızı azad etmək, düşməni doğma yurdumuzdan qovmaq idi. İllər boyu həyata keçirilən strateji addımlar, düşünülmüş iqtisadi siyasət və güclü dövlətçilik xətti məhz bu amala xidmət edirdi. Azərbaycan iqtisadi sahədə əldə etdiyi regional və qlobal üstünlüklər sayəsində heç kəsdən asılı olmayan, tam müstəqil siyasət yürüdə bildi. Çünki yaxşı dərk edirdik ki, güclü iqtisadiyyat olmadan güclü ordu qurmaq, güclü ordu olmadan isə haqqını tələb etmək mümkün deyil. Prezident İlham Əliyevin 2003-cü ildən etibarən atdığı hər bir addım məhz bu qüdrətin formalaşdırılmasına hesablanmışdı.

Nəhayət, qətiyyətli “İrəli!” əmri verildi. 44 gün ərzində Azərbaycan Ordusu hər gün, hər saat irəliləyərək öz gücünü və əzəmətini bütün dünyaya nümayiş etdirdi. Bu müddət ərzində dövlətin, xalqın və ordunun bir yumruq kimi birləşməsi düşmənin bütün planlarını alt-üst etdi. Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçsə də, əsas vəzifə – müasir standartlara cavab verən qüdrətli Silahlı Qüvvələrin yaradılması – qüsursuz şəkildə yerinə yetirildi. Ordumuzun əsgər və zabitlərinin döyüş meydanında göstərdiyi şücaət tarixi ədaləti bərpa etdi.

Zəfərdən sonra həyata keçirilən tədbirlər dövlətimizin humanizm və ədalət prinsiplərinə sadiqliyini bir daha sübut etdi. Zəfər Günü münasibətilə elan edilən amnistiya aktları cəmiyyətdəki həmrəyliyi daha da gücləndirdi. Bununla belə, torpaqlarımızın azad edilməsi prosesi tam yekunlaşmamışdı. Cəmi bir gündən az davam edən lokal antiterror əməliyyatı nəticəsində separatizmin kökü birdəfəlik kəsildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Beynəlxalq hüquq öz təsdiqini tapdı və ölkəmiz gücünü bir daha nümayiş etdirdi.

Bu gün isə tamamilə yeni bir mərhələ – quruculuq və dirçəliş dövrü başlayıb. Azad edilmiş torpaqlara sürətlə həyat qayıdır. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı tikinti işləri, müasir infrastruktur layihələri, o cümlədən DOST və ASAN xidmətlərinin Qarabağda da vətəndaşların istifadəsinə verilməsi dövlətimizin qüdrətinin göstəricisidir. Bütün bu inkişaf fonunda ən ali dəyər insan amili, Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş qazilərimizə göstərilən dövlət qayğısıdır. Onların hər biri daim diqqət mərkəzindədir və bu diqqət cəmiyyətimizin mənəvi saflığının əsas göstəricisidir.

Təbii ki, bu uğurların arxasında xalqımızın milli birliyi və siyasi həmrəyliyi də dayanır. Milli birlik daim qorunmalı və möhkəmləndirilməlidir. Çünki Azərbaycanın dünyada oynadığı rol və geosiyasi əhəmiyyəti ildən-ilə artır. Belə həssas bir dövrdə cəmiyyətin bütün təbəqələrinin vahid amal ətrafında birləşməsi, xüsusilə hakimiyyətə deyil, birbaşa Vətənə bağlılıq prinsipinin hər bir vətəndaşın əsas amalına çevrilməsi vacibdir. Bəzi dar maraqların milli maraqlardan üstün tutulması cəhdləri hər zaman iflasa məhkumdur. Çünki xalqımız öz dövlətçiliyinin dəyərini çox yaxşı bilir.

Əminik ki, bu şanlı tarix bizimlədir və əbədi olaraq yaşayacaqdır. Gələcək nəsillər bu möhtəşəm Qələbə ilə hər zaman haqlı olaraq fəxr edəcəklər. Çünki bu Zəfər sadəcə torpaqların azad edilməsi deyil, xalqımızın özünü təsdiq etməsi və ləyaqətini dünyaya bəyan etməsi deməkdir.

Bu müqəddəs bayram münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir və Zəfər Günümüzün əbədi olmasını arzulayıram!

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button