AnalitikaDünyaGündəmSiyasət

Prezident İlham Əliyevin Liderliyi ilə Mənəvi və Siyasi Qələbənin Təntənəsi

Qlobal xarakterli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan, sivilizasiyalararası dialoqun və dinlərarası dözümlülüyün əsas mərkəzlərindən biri kimi öz təsir gücünü artırır. Sentyabrın 15-də Prezident İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, Yəhya Bakuvi Beynəlxalq Konfransı və Qafqaz Xalqları Ali Dini Şurasının iştirakçılarından ibarət geniş nümayəndə heyətini qəbul edərək, bu siyasətin ardıcıllığını təsdiqlədi. Görüşdə Türk və İslam dünyasının aparıcı dini rəhbərlərinin iştirakı, eyni zamanda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin sülhsevər xarici siyasət kursunun və beynəlxalq arenadakı sarsılmaz nüfuzunun təcəssümü oldu. Dövlət başçısı belə mötəbər toplantıların həm region, həm də bütün İslam dünyası üçün böyük mənəvi bərpa və həmrəylik mesajı olduğunu xüsusi vurğuladı.

Çıxışında Azərbaycanın qədim və zəngin fəlsəfi ənənələrinə diqqət çəkən Prezident İlham Əliyev, böyük mütəfəkkirlərimizin bəşəriyyətə qoyduğu irsin əhəmiyyətini xatırlatdı. Dövlət başçısı Seyid Yəhya Bakuvi ilə yanaşı, XII əsrdən üzü bəri yaşamış Nizami, Nəsimi, Xətai və Füzuli kimi dahi şəxsiyyətlərimizin adlarını çəkərək, onların fəaliyyətinin xalqımızın mədəni əzəmətinin göstəricisi olduğunu qeyd etdi. TDT-yə üzv yeganə Qafqaz ölkəsi kimi Azərbaycanın tarixi və coğrafi rolunu xüsusi dəyərləndirən Prezident İlham Əliyev, Qafqaz Albaniyası və Atabəylər dövlətinin tarixindən misallar gətirərək, ölkəmizin həm Qafqaz, həm də Türk coğrafiyasını özündə birləşdirən bənzərsiz bir inkişaf və sabitlik məkanı olduğunu qonaqların diqqətinə çatdırdı.

İslam aləminin bugünkü həssas vəziyyəti ilə bağlı dərin təhlillər aparan Prezident İlham Əliyev sülhün və birliyin alternativi olmadığını bəyan etdi. O, dini rəhbərlərin sülhə yönəlik çağırışlarının hər zaman böyük təsirə malik olduğunu qeyd edərək, Azərbaycanın İslam ölkələri arasındakı qardaşlığı konkret əməllərlə möhkəmləndirdiyini bildirdi. Gələn il İƏT-in Zirvə Görüşünə ev sahibliyi edəcək Azərbaycanın ali məqsədinin müsəlman dünyasındakı münaqişələrə son qoymaq olduğunu deyən dövlət başçısı, İslam dininə qarşı formalaşdırılan mənfi meyillərin qarşısını almaq üçün din xadimlərinin və dövlətlərin sarsılmaz vəhdətdə çıxış etməsinin vacibliyini vurğuladı. Prezidentin bu çağırışı Azərbaycanın qlobal həmrəylik missiyasını bir daha bütün aydınlığı ilə ortaya qoydu.

Dövlət başçısının çıxışının mərkəzi xəttini, təbii olaraq, Qarabağ zəfəri və erməni vandalizminin tarixi ifşası təşkil etdi. Qonaqların işğaldan azad edilmiş Şuşa, Ağdam və digər bölgələrə səfər edəcəyini vurğulayan Prezident İlham Əliyev, Ermənistanın 30 il ərzində İslam məbədlərində törətdiyi təhqiramiz hərəkətləri xatırlatdı. Buna baxmayaraq, xalqımızın öz hərbi qüdrəti və yenilməz iradəsi bahasına ədaləti bərpa etdiyini qürurla qeyd edən dövlət başçısı, separatçı rejimə tam son qoyulduğunu bildirdi. Prezident İlham Əliyev yekunda vurğuladı ki, 48 şəhər və kənddə artıq 90 mindən çox insanın yaşadığı dirçələn Qarabağ Müzəffər Azərbaycanın qurucu ruhunun və İlham Əliyev siyasətinin mütləq qələbəsinin əbədi simvoludur.

Aysel Məmmədova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 348a” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button