AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Kəlbəcər Şəhər Günü – Tarixi Zəfərin, dirçəlişin və milli qürurun təntənəsi

Hər il noyabrın 25-də qeyd olunan Kəlbəcər Şəhər Günü Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan tarixi hadisənin təntənəsidir. Bu gün Kəlbəcərin işğaldan azad olunmasının, tarixi ədalətin bərpasının və xalqımızın sarsılmaz iradəsinin rəmzidir.

Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və füsunkar təbiətə malik diyarlarından biridir. Möhtəşəm dağları, mineral su bulaqları, meşələri, tarixi abidələri və təbii sərvətləri ilə seçilən bu torpaq xalqımızın milli-mənəvi irsinin ayrılmaz hissəsidir. Uzun illər işğal altında qalan Kəlbəcər öz doğma sakinlərinin qayıdışını gözləyən yurd yerlərimizdən biri olmuşdur.

2020-ci il noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın hərb tarixində mühüm hadisəyə çevrildi. Bu tarixi nailiyyət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində əldə edilən Böyük Zəfərin mühüm nəticələrindən biridir.

Bu gün Kəlbəcər yeni inkişaf və quruculuq mərhələsinə qədəm qoyub. Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yolların, yaşayış binalarının, sosial obyektlərin tikintisi, enerji və kommunikasiya sistemlərinin yenidən qurulması şəhərin gələcək inkişafına mühüm zəmin yaradır. Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışının başlanması isə Böyük Qayıdış Proqramının mühüm nailiyyətlərindəndir.

Kəlbəcərin dirçəlişi yalnız şəhərin yenidən qurulması deyil, həm də doğma yurd həsrətinin sona çatması, milli yaddaşın və tarixi irsin bərpasıdır. Vaxtilə öz ev-eşiyindən didərgin düşmüş insanların doğma torpaqlarına qayıtması Azərbaycanın tarixi Zəfərinin real nəticələrini nümayiş etdirir.

Bu əlamətdar gün münasibətilə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Kəlbəcərin azadlığı uğrunda mübarizə aparmış qəhrəmanlarımızın fədakarlığını minnətdarlıqla xatırlayırıq.

Kəlbəcər Şəhər Günü hər bir azərbaycanlı üçün qürur, sevinc və milli birlik günüdür. Əminik ki, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Kəlbəcər yaxın gələcəkdə Azərbaycanın ən gözəl, müasir və inkişaf etmiş şəhərlərindən birinə çevriləcək. Kəlbəcərin hər qarışında həyat yenidən canlanacaq, doğma yurdun səsi, nəfəsi və ruhu əbədi yaşayacaq.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button