
Qədim türk dilində “çay üstündə qala” mənasını verən Kəlbəcər Azərbaycanın ən zəngin tarixi, mədəni və strateji bölgələrindən biridir. Tərtər çayı boyunca qayalarda oyulmuş süni mağaralar, yaşı 30 min ildən çox olan qədim yaşayış məskənləri, 6 min illik qaya təsvirləri və qədim türk əlifbası nümunələri bu torpaqların minilliklər boyu mühüm sivilizasiya mərkəzi olduğunu təsdiqləyir. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən türklüyün, atəşpərəstliyin, xristianlığın və VII əsrdən etibarən İslam mədəniyyətinin izlərini özündə yaşadır.
Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər ərazisinin böyük hissəsi meşəliklərlə örtülüdür; onun ən uca zirvələri Camışdağ (3724 m) və Dəlidağdır (3616 m). Qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl və Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam və Xocalı, cənubda isə Laçın rayonları ilə həmsərhəd olan Kəlbəcərə 1930-cu ildə inzibati rayon statusu verilmişdir. İşğala qədər 3054 kv. km ərazini əhatə edən rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud olmuş, burada 53 478 nəfər əhali yaşamışdır.
1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Kəlbəcərdə 511 dinc sakin qətlə yetirilmiş, 321 nəfər əsir götürülmüş və ya itkin düşmüşdür. Yurd-yuvasından didərgin düşən əhali respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində məcburi məskunlaşmağa məcbur olmuşdur. İşğal nəticəsində rayonun milyardlarla manatlıq sərvəti talan edilərək Ermənistana daşınmış, onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina və minlərlə mənzil dağıdılmışdır. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsi işğalçı qüvvələrin Kəlbəcərdən və digər işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb etsə də, rəsmi İrəvan bu sənədə məhəl qoymamış, beynəlxalq birlik isə qətnamənin icrasını təmin etməmişdir. Əksinə, Ermənistan 1999-cu ildən etibarən beynəlxalq hüquq normalarına zidd olaraq bölgədə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirmişdir.
2020-ci il Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri azad edərək düşmənin Basarkeçər–Kəlbəcər yolundan istifadəsini və hərbi manevr imkanlarını iflic vəziyyətinə salmışdır. Qələbə ilə nəticələnən müharibədən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, bir güllə belə atılmadan noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi Azərbaycana təhvil verilmişdir. Ərazini tərk edən qeyri-qanuni erməni sakinlərin evlərə və meşələrə od vurması isə erməni vandalizmini və ekoloji terrorunu dünya ictimaiyyətinə bir daha nümayiş etdirmişdir.
Zəfərdən dərhal sonra, 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmiş və döyüş əməliyyatlarında şücaət göstərmiş 9455 hərbi qulluqçu bu medalla təltif olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 25 noyabr tarixi rəsmi olaraq Kəlbəcər şəhəri günü elan edilmişdir.
Ləman Cəlilova,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru



