
Son dövrlərin ən mühüm analitik tezislərini özündə ehtiva edən sənədlərdən biri Prezident İlham Əliyevin Özbəkistan mətbuatına müsahibəsidir. Bu müsahibədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan qardaşlığının müasir dövrdə ən yüksək zirvəyə müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırmışdır. Siyasi müstəvidə əldə olunan nailiyyətlər, xüsusən də 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şuranın fəaliyyəti müsahibənin əsas xətlərindən biridir. Prezident İlham Əliyev bu institusional mexanizmin uzunmüddətli əməkdaşlıq hədəflərimizin gerçəkləşməsində mühüm rol oynadığını bildirmişdir.
Müsahibədə iqtisadi inteqrasiyanın dərinləşməsi xüsusi rəqəmlərlə əsaslandırılıb. Hər iki ölkədə irimiqyaslı layihələrin, məsələn, ‘PASHA Holding’in Daşkənddəki fəaliyyətinin və Azərbaycanda 130-dan çox özbək şirkətinin fəaliyyət göstərməsi ortaq maraqların göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi bizi təbii tranzit tərəfdaşlarına çevirir. Yaşıl enerji və neft-kimya sənayesindəki ortaq təşəbbüslər (məsələn, ‘Turan Energy AFEZCO’) inkişafın mühüm tərkib hissəsidir. Müsahibənin yekununda mənəvi irs və Türk dünyasının birliyi ön plana çıxarılır. Prezident İlham Əliyev Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasını və Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzvlüyünü qardaşlığın ən ali nümunəsi kimi dəyərləndirərək, bu müttəfiqliyin daimi sülhə xidmət etdiyini vurğulayır.
Sevda Lalayeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 74” ərazi partiya təşkilatının sədr müavini



