
Azərbaycan-Özbəkistan əlaqələrinin müasir vəziyyəti Prezident İlham Əliyevin genişmiqyaslı müsahibəsində öz əksini tapıb. Prezident İlham Əliyev bildirib ki, qədim tarixi və mənəvi köklərə əsaslanan bu birlik hazırda iki güclü və suveren dövlətin sarsılmaz müttəfiqliyinə çevrilmişdir. Müsahibədə siyasi dialoqun intensivliyinə xüsusi yer ayrılıb.
Son beş ildə həyata keçirilən 15 müntəzəm qarşılıqlı səfər və ‘Müttəfiqlik münasibətləri haqqında Müqavilə’nin imzalanması ölkələrimiz arasında siyasi əlaqələrin ən yüksək mərhələdə olduğunu sübut edir. Müsahibədə iqtisadi inteqrasiyanın dərinləşməsi xüsusi rəqəmlərlə əsaslandırılıb. Hər iki ölkədə irimiqyaslı layihələrin, məsələn, ‘PASHA Holding’in Daşkənddəki fəaliyyətinin və Azərbaycanda 130-dan çox özbək şirkətinin fəaliyyət göstərməsi ortaq maraqların göstəricisidir.Enerji və tranzit sektorundakı əməkdaşlıq müsahibədə xüsusi olaraq vurğulanır.
Tranzit daşımalarının artaraq 1,4 milyon tona çatması və SOCAR ilə ‘Özbəknefteqaz’ arasındakı ortaq layihələr ölkələrimizin Avrasiyanın əsas logistika mərkəzinə çevrilməsinə təkan verir. Mədəni-humanitar sahədə, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımlar qardaşlığımızın sütunudur. Prezident İlham Əliyevin fikrincə, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ölkəmizin ‘C6’ formatında iştirakı bu əlaqələrin sadəcə regional deyil, beynəlxalq səviyyədə də böyük gücə malik olduğunu təsdiqləyir.
Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı



