
Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bu gün bölgənin aparıcı dövlətinə və əsas söz sahibinə çevrilib. Ölkəmiz bir çox sahələrdə etibarlı tərəfdaş kimi qəbul edilir.Hazırda Azərbaycan öz suverenliyini, təhlükəsizliyini və milli maraqlarını tam təmin etməklə yanaşı, həm də regional və qlobal miqyasda mühüm siyasi xətt yürüdür. Bütün ölkələrlə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipinə əsaslanan bu siyasi kurs xüsusilə Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların əsas hərəkətverici qüvvəsinə çevrilib. Ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan irimiqyaslı energetika, nəqliyyat və logistika layihələri təkcə Avrasiya məkanında təhlükəsizliyə töhfə vermir, həm də geniş coğrafiyada iqtisadi inteqrasiyanı sürətləndirir.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı ilə Daşkənd arasında münasibətlərin artıq regionda strateji tərəfdaşlığın dinamik nümunələrindən birinə çevrildiyi dövrə təsadüf edir. Son illərdə iki ölkə siyasi etimadı ardıcıl olaraq konkret layihələrə, iqtisadi əlaqələrin genişləndirilməsinə, nəqliyyat marşrutlarının inkişafına, humanitar təşəbbüslərə və regional əməkdaşlığın yeni formatlarının yaradılmasına çevirib.
Bu gün Azərbaycan və Özbəkistanı yalnız diplomatik münasibətlər deyil, daha geniş və dərin əlaqələr birləşdirir. Ortaq tarix, dil və mədəniyyət, dini və mənəvi yaxınlıq, adət-ənənələr xalqlarımız arasında münasibətlərin möhkəm təməlini təşkil edir.
Səfər çərçivəsində dövlətimizin başçısı İlham Əliyev müsahibəsində ölkələrimiz arasında əlaqələrin inkişafında iqtisadi amilin prioritetliyini önə çəkərək vurğuladı ki, bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir.
Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin vacib sahəsidir. Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar əlaqələri yeni məzmunla zənginləşdirir.
Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatını təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir. Ölkələrimizin Türk Dövlətləri Təşkilatı, həmçinin digər türk təşkilatları çərçivəsində fəal əməkdaşlığı Türk dünyasının daha sıx inteqrasiyasına və beynəlxalq arenada vahid mövqeyinin möhkəmlənməsinə töhfə verməyə davam edəcək.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



