
Azərbaycan Respublikası Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq öz əksini tapması ölkəmizdə medianın güclü və müstəqil bir cəmiyyət institutu kimi formalaşmasına güclü təkan verib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmizdə aparılan siyasi islahatların əsas fəlsəfəsi vətəndaşların bütün azadlıqlardan tam şəkildə istifadə etməsidir və söz azadlığının təmin olunması dövlət üçün mütləq prioritetdir.
Məhz bu ali siyasi iradənin və hüquqi təminatın nəticəsidir ki, ölkəmizdə qəzet, jurnal və onlayn portal bolluğu yaranıb, vətəndaşların dolğun məlumat almaq hüququ təmin edilib. Media sahəsindəki bu inkişaf ölkəmizin demokratik dəyərlərə sadiqliyinin beynəlxalq arenada təzahürüdür.
Mətbuatımızın qabaqcıl beynəlxalq ənənələrə əsaslanmaqla yanaşı, xalqımızın tarixi-milli xüsusiyyətlərini də qoruyaraq inkişaf etməsi gələcək nəsillərə daha sağlam bir informasiya mühiti və azad düşüncə tərzi miras qoyur.
Sevda Lalayeva,
YAP Nizami rayon təşkilatının fəalı


