
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu sənəd iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə yüksəldiyini nümayiş etdirən tarixi hadisədir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, imzalanmış Bəyannamə tarixi köklərə əsaslanır və Mustafa Kamal Atatürk ilə Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və “Bir millət, iki dövlət” kəlamlarının məntiqi davamıdır. Şuşada imzalanan bu sənəd xalqlarımızın ortaq tarixə, milli dəyərlərə və gələcək məqsədlərə sadiqliyinin ifadəsidir.
Müasir dövrdə dövlətlərin inkişafında beynəlxalq əməkdaşlıq və etibarlı tərəfdaşlıq mühüm rol oynayır. Azərbaycan və Türkiyə arasında mövcud olan strateji müttəfiqlik münasibətləri bunun ən uğurlu nümunələrindən biridir. Tarixi, mədəni, dini və dil bağlılığı ilə seçilən bu iki qardaş ölkə uzun illərdir ki, siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq təkcə iki dövlət arasında münasibətlərin möhkəmlənməsinə deyil, həm də onların iqtisadi inkişafına və beynəlxalq nüfuzunun artmasına mühüm təsir göstərir.
Xüsusilə son illərdə iki ölkə arasında imzalanan müxtəlif sazişlər və həyata keçirilən birgə layihələr əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. İqtisadi sahədə əməkdaşlıq Azərbaycan və Türkiyə münasibətlərinin ən vacib istiqamətlərindən biridir. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri hesab olunur. İki ölkə arasında ticarət dövriyyəsi ildən-ilə artır və bu da hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərir. Azərbaycan Türkiyəyə əsasən enerji məhsulları ixrac edir, Türkiyə isə Azərbaycana müxtəlif sənaye və istehlak məhsulları göndərir. Bu qarşılıqlı ticarət əlaqələri hər iki ölkədə sahibkarlığın inkişafına və yeni iş yerlərinin yaranmasına şərait yaradır.
Azərbaycan və Türkiyə arasında həyata keçirilən enerji layihələri əməkdaşlığın ən mühüm nəticələrindən biridir. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılmasında Türkiyə mühüm tranzit ölkə rolunu oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələr regionun enerji təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyət daşıyır. Bu layihələr sayəsində Azərbaycan enerji resurslarını beynəlxalq bazarlara çıxarmaq imkanı əldə etmiş, Türkiyə isə enerji tranziti sahəsində strateji mövqeyini daha da gücləndirmişdir. Nəticədə hər iki ölkə iqtisadi gəlirlərini artırmış və beynəlxalq iqtisadi əlaqələrini genişləndirmişdir.
Son illərdə həyata keçirilən TANAP layihəsi də Azərbaycan-Türkiyə əməkdaşlığının uğurlu nümunələrindən biridir. Bu layihə vasitəsilə Azərbaycan qazı Türkiyə üzərindən Avropaya nəql olunur. TANAP yalnız iqtisadi baxımdan deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Layihə Avropanın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, Azərbaycan və Türkiyənin beynəlxalq nüfuzunu artırır.
Nəticə etibarilə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin ən parlaq nümunələrindən biridir. Bu sənəd hər iki ölkənin iqtisadi qüdrətinin artmasına, yeni əməkdaşlıq imkanlarının yaranmasına və regionda dayanıqlı inkişafın təmin edilməsinə mühüm töhfələr verir. Gələcək illərdə də Şuşa Bəyannaməsinin yaratdığı imkanlar Azərbaycan və Türkiyənin daha güclü, daha rəqabətqabiliyyətli və daha inkişaf etmiş dövlətlərə çevrilməsində mühüm rol oynayacaqdır.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



