
2021-ci il 15 iyun tarixində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin tarixində mühüm siyasi və strateji əhəmiyyət daşıyan hadisə kimi yadda qalmışdır.
Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə yüksəldiyini nümayiş etdirərək siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Bəyannamə eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verən strateji sənəd kimi qiymətləndirilir.
Sənədin məhz Şuşada imzalanması xüsusi rəmzi məna daşıyır. Qarabağın tacı sayılan Şuşa şəhəri Azərbaycanın tarixi zəfərinin simvoludur. Bu şəhərdə imzalanan Bəyannamə Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu bir daha dünyaya nümayiş etdirdi.
Şuşa Bəyannaməsində müdafiə sahəsində əməkdaşlıq xüsusi yer tutur. Tərəflərdən birinə qarşı təhlükə və ya təhdid yaranacağı təqdirdə birgə məsləhətləşmələrin aparılması və qarşılıqlı dəstəyin göstərilməsi nəzərdə tutulur. Bu isə iki dövlət arasında strateji müttəfiqliyin nə qədər güclü olduğunu göstərir.
Bununla yanaşı, sənəddə enerji təhlükəsizliyi, Zəngəzur dəhlizinin açılması, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və Türk dünyasının birliyinin möhkəmləndirilməsi məsələləri də öz əksini tapmışdır. Bu istiqamətlər regionun iqtisadi inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə böyük imkanlar yaradır.
Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” prinsipinin siyasi və hüquqi ifadəsi olmaqla yanaşı, Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının əbədi olduğunu təsdiqləyən mühüm tarixi sənəddir. Bu Bəyannamə gələcək nəsillər üçün də iki ölkə arasında sarsılmaz birliyin nümunəsi kimi qalacaqdır.
Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini



