
Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir
Biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın – Prezident İlham Əliyev
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə çıxış edərək bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində saxlanılıb və regionların sosial-iqtisadi inkişafı proqramları bu sahənin inkişafında mühüm rol oynayıb. Prezident qeyd edib ki, həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində bölgələrdə qaz, elektrik, su və yol təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradılıb.
Prezident İlham Əliyev vurğulayıb ki, kənd təsərrüfatının inkişafı üçün subsidiyalar, güzəştli kreditlər, texnika təminatı və digər dövlət dəstəyi mexanizmləri tətbiq olunur. Bildirilib ki, pambıqçılıq, baramaçılıq, fındıqçılıq, üzümçülük və digər sahələr üzrə qəbul edilmiş dövlət proqramları mühüm nəticələr verib.
Dövlətimizin başçısı qeyd edib ki, son illərdə kənd təsərrüfatı istehsalında müşahidə olunan durğunluq yeni Dövlət Proqramının hazırlanmasını zəruri edib. Bildirilib ki, 2026–2030-cu illəri əhatə edəcək proqram çərçivəsində məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, müasir suvarma sistemlərinin genişləndirilməsi və kənd təsərrüfatına investisiyaların artırılması əsas prioritetlər olacaq.
Çıxış zamanı Prezident İlham Əliyev kəndlərin inkişafının vacibliyini xüsusi vurğulayaraq deyib: “Biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın”.
Müşavirədə həmçinin torpaqlardan səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi, soyuducu anbarların yaradılması, aqrar sahədə innovativ texnologiyaların və süni intellekt imkanlarının tətbiqi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs olunub.
Qeyd olunub ki, kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, regionlarda məşğulluğun artırılması və qeyri-neft sektorunun inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



