AnalitikaGündəmSiyasət

Biz ətraf mühit sahəsində çox işləri görməli olduq

Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir.

Bu il mənim Sərəncamıma əsasən “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Mən bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin bizə həvalə edildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik.

Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Mən onlardan bəzilərini qeyd edəcəyəm. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə – Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib.

Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb. Biz inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq. Lakin eyni zamanda, tarixi irsimizin qorunmasına gəldikdə, çox ehtiyatlı olmalıyıq.

Bakı haqqında danışsaq, bir neçə əlavə məsələni də qeyd edim. Biz ətraf mühit sahəsində çox işləri görməli olduq. Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib. Beləliklə, Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü “Sea Breeze” istirahət məkanıdır və mən müsafirlərimizə, xüsusən də soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm.

Onlardan bəzilərinin burada zalda əyləşdiyini görürəm və bu müasir şəhərsalmanın digər misalını gedib görmək olar. Son 20 il ərzində biz Bakıda 100 park və ictimai yer, bağlar yaratmışıq. Onların 19-u tam yenilənib. İctimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər paytaxt və nəinki paytaxt üçün, bütöv konsepsiyanın tərkib hissələri kimi icra olunur. Söylədiyim kimi, Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir.

Yeni Şəhərsalma Gündəliyinin aralıq icmalı həm bugünkü şəhər problemlərinin aktuallığını, həm də Kitoda verilmiş öhdəliklərin davamlı əhəmiyyətini təsdiqləməlidir. WUF13 praktiki fəaliyyət, tərəfdaşlıq və investisiyalar vasitəsilə icranı sürətləndirmək üçün bir fürsətdir.

 Aygün Quliyeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Oxşar Xəbərlər

Back to top button