
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir və Dövlətimizi başçısı həmin müşavirədə çıxış etmişdir. O, bugünkü müşavirədə kənd təsərrüfatının inkişafını müzakirə ediləcəyini bildirdi. Bu sahəyə daim çox böyük diqqət göstərildiyini qeyd etdi. Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərindən birinin regional inkişaf proqramı və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı olduğunu vurğuladı.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bunun nəticəsində bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi.
Əgər biz azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir. Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir.
Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Onu da bildirməliyəm ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlərin verilməsi. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur.
Leyla Quliyeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü



