AnalitikaGündəmSiyasət

Ölkəmizin kənd təsərrüfatının yeni inkişaf mərhələsi

Torpaq sadəcə üzərində yaşayıb ruzi qazandığımız coğrafi bir məkan deyil; o, millətin varlığının, iqtisadi müstəqilliyinin və gələcəyə olan inamının təməl daşıdır. Qlobal çağırışların, ərzaq təhlükəsizliyi risklərinin və iqlim dəyişikliklərinin dünyanı yenidən formalaşdırdığı müasir dövrdə torpağa münasibət həm də milli təhlükəsizlik strategiyasının əsas xəttini təşkil edir. Məhz bu fəlsəfədən çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aqrar sahəyə yanaşma radikal şəkildə dəyişmiş, kənd təsərrüfatı iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmişdir.

2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramları ölkənin kənd təsərrüfatı potensialının güclənməsində həlledici rol oynayıb. Regionlarda qazlaşdırma, elektrik enerjisi təminatı, yol infrastrukturu, suvarma sistemləri və sosial obyektlərin yaradılması aqrar sektorun inkişafı üçün möhkəm baza formalaşdırıb. Hazırda qazlaşdırmanın yüksək səviyyəyə çatması, yeni su anbarlarının və magistral kanalların istifadəyə verilməsi kənd təsərrüfatının genişlənməsini sürətləndirir. Bu proses kənd yerlərində məşğulluğun artmasına və sosial rifahın yüksəlməsinə də birbaşa təsir göstərir.
Ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirələrdəki konseptual və proqram xarakterli çıxışları, sahənin gələcək taleyini müəyyən edən strateji baxışın, dövlət-fermer birliyinin fəlsəfi və praktik xəritəsidir. Bu proqram yönümlü tezislər təkcə bugünkü məhsuldarlığı deyil, Azərbaycan torpağının gələcək nəsillərə daha bərəkətli və dayanıqlı şəkildə ötürülməsini hədəfləyir.

Aqrar sahədə dövlət dəstəyi mexanizmləri, subsidiyalar, güzəştli kreditlər və vergi azadlıqları ölkə rəhbərinin çıxışlarında geniş yer tutur. Azərbaycan dünyada kənd təsərrüfatı istehsalçılarını demək olar ki, bütün vergilərdən (torpaq vergisi istisna olmaqla) azad edən azsaylı ölkələrdəndir. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, kəndli dövlətin dəstəyini hər addımda hiss etməlidir. Aqrolizinq xətti ilə ölkəyə gətirilən müasir texnikaların fermerlərin istifadəsinə verilməsi, gübrə və pestisidlərin təminatındakı dövlət yardımları daxili bazarda bolluq yaratmaqla yanaşı, ixrac potensialımızı da dəfələrlə artırmışdır.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə Azərbaycanın aqrar sektorunda növbəti inkişaf mərhələsinin konturlarını müəyyənləşdirdi. Müşavirədə müzakirə olunan məsələlər təkcə kənd təsərrüfatının texniki və iqtisadi inkişafı ilə məhdudlaşmır, eyni zamanda ölkənin ərzaq təhlükəsizliyi, regional inkişaf, sosial rifah və qeyri-neft iqtisadiyyatının gücləndirilməsi kimi strateji istiqamətləri əhatə edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın kənd təsərrüfatı sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyacağına, ərzaq təhlükəsizliyinin daha da möhkəmlənəcəyinə, aqrar sektorun dayanıqlı inkişafının təmin olunacağına və regionların sosial-iqtisadi inkişafının davamlı xarakter alacağına əminlik ifadə olunub.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button