AnalitikaGündəmSiyasət

Tariximizin yeni inkişaf mərhələsi

28 May – Müstəqillik Günü Azərbaycan xalqının milli dövlətçilik tarixində ən mühüm və qürurverici günlərdən biridir. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və xalqımızın müstəqillik arzusu gerçəyə çevrildi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşmasında, demokratik idarəçilik prinsiplərinin tətbiqində və milli kimliyin möhkəmlənməsində mühüm rol oynadı.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları xalqın milli maraqlarını əsas götürərək müasir dövlət institutlarının yaradılmasına nail oldular. Parlamentin formalaşdırılması, dövlət atributlarının qəbul olunması, milli ordunun yaradılması və təhsilin inkişafına göstərilən diqqət həmin dövrün mühüm nailiyyətləri idi. Xüsusilə qadınlara seçki hüququnun verilməsi Azərbaycan dövlətinin demokratik dəyərlərə sadiqliyini nümayiş etdirirdi.

Lakin 1920-ci ildə Cümhuriyyətin süqutu nəticəsində xalqımız yenidən müstəqilliyini itirdi. Buna baxmayaraq, azadlıq ideyaları xalqın yaddaşından silinmədi və illər keçdikcə daha da gücləndi. Nəhayət, XX əsrin sonlarında xalqımız yenidən dövlət müstəqilliyini bərpa etdi. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən elan etsə də, ilk illərdə ölkədə ciddi siyasi və iqtisadi böhran hökm sürürdü. Məhz belə bir mürəkkəb dövrdə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı.

Ümummilli Liderin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, iqtisadi islahatlara başlanıldı və Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi inkişafında dönüş nöqtəsinə çevrildi. Bununla da Azərbaycan beynəlxalq enerji layihələrinin əsas iştirakçılarından biri oldu və regionun strateji əhəmiyyətini daha da artırdı.

Bu gün müstəqil Azərbaycan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmiz siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz baxımından yeni mərhələyə qədəm qoyub. Azərbaycanın əldə etdiyi uğurların əsasında güclü dövlət idarəçiliyi, milli maraqlara əsaslanan siyasət və xalq-iqtidar birliyi dayanır.

Xüsusilə 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi Zəfəri xalqımızın milli birlik və gücünü bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu qələbə həm də müstəqilliyimizin daha da möhkəmlənməsinə xidmət edən mühüm tarixi hadisədir.

Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər salınır, müasir infrastruktur yaradılır, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra olunur. Bütün bunlar Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcını xarakterizə edir.

Müstəqillik Günü yalnız keçmişimizin xatırlanması deyil, həm də gələcəyə inamın ifadəsidir. Azərbaycan xalqı bu gün güclü dövlətə, qüdrətli orduya və milli birliyə sahibdir. Qarşıda duran əsas vəzifə əldə olunan nailiyyətləri qorumaq, dövlət müstəqilliyini daha da möhkəmləndirmək və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaqdır.

28 May – Müstəqillik Günü münasibətilə hər bir vətəndaşımızı təbrik edir, xalqımıza əmin-amanlıq, tərəqqi və davamlı inkişaf arzulayırıq.

Yaşasın Müstəqil Azərbaycan!

Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button