AnalitikaGündəmSiyasət

Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli kimlik şüurunu özünə qaytardı

Bu gün Azərbaycan xalqının tarixində ən şərəfli və qürurverici günlərdən biri – 28 May Müstəqillik Gününü qeyd edirik. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq iradəsinin, milli oyanışının və dövlətçilik ənənələrinin parlaq təcəssümü oldu. Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikanın məhz Azərbaycan torpağında yaranması xalqımızın yüksək siyasi təfəkkürə və milli dövlətçilik düşüncəsinə malik olduğunu bütün dünyaya nümayiş etdirdi.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tariximizdə silinməz iz qoydu. Həmin qısa müddət ərzində dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, parlament yaradıldı, milli ordu formalaşdırıldı, dövlət atributları qəbul edildi, milli valyuta dövriyyəyə buraxıldı və beynəlxalq əlaqələr quruldu. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində qadınlara seçmək və seçilmək hüququ verən ilk dövlət olmuşdur. Bu, həmin dövrdə bir çox inkişaf etmiş ölkələrdən daha qabaqcıl və demokratik yanaşma idi.

Azərbaycanın üçrəngli bayrağı da milli ideologiyamızın və dövlətçilik fəlsəfəmizin rəmzinə çevrildi. Göy rəng türkçülüyü, qırmızı müasirliyi və inkişafı, yaşıl isə islam mədəniyyətinə bağlılığı ifadə edirdi. Bu bayraq illər keçsə də xalqımızın istiqlal arzularını yaşatdı və nəhayət, müstəqilliyimizin bərpasından sonra yenidən dövlət bayrağı kimi ucaldıldı.

Təəssüf ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşevik işğalı nəticəsində süqut etdi. Lakin xalqımızın azadlıq arzusu heç vaxt sönmədi. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illərində ölkəmiz ciddi təhlükələrlə üzləşsə də, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin olundu, dövlətçilik əsasları möhkəmləndirildi və müstəqilliyimiz dönməz xarakter aldı.

Ümummilli Liderin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənmiş, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmişdir. Ən önəmlisi isə xalqımız tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmişdir. Bu gün üçrəngli bayrağımız Şuşada, Xankəndidə və işğaldan azad olunmuş bütün torpaqlarımızda qürurla dalğalanır.

Bu gün 28 May – Müstəqillik Günü yalnız keçmişimizin xatırlanması deyil, həm də gələcəyə inamın, milli birliyin və dövlətə sədaqətin ifadəsidir. Müstəqillik hər bir xalqın ən böyük sərvətidir və onu qorumaq hər birimizin müqəddəs borcudur.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button