
Azərbaycan xalqı zəngin və qədim dövlətçilik tarixinə malikdir. Bu dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri də 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti yalnız xalqımızın deyil, bütün Şərqin tarixində mühüm hadisə olmuşdur. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublika idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət xalqımızın milli azadlıq ideallarını gerçəkləşdirmiş, müstəqil dövlətçilik ənənələrinin əsasını yaratmışdır.
1918-ci ilin mürəkkəb və çətin siyasi şəraitində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə böyük işlər görmüşdür. Dövlət atributları təsis edilmiş, milli ordu yaradılmış, ana dilinə dövlət dili statusu verilmiş, təhsil və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Hətta qadınlara seçki hüququnun verilməsi kimi mühüm demokratik qərarlar qəbul edilmişdir ki, bu da həmin dövr üçün böyük yenilik sayılırdı. Bir çox Avropa ölkələrindən əvvəl Azərbaycan qadınlarına seçmək və seçilmək hüququ verilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları xalqın milli maraqlarını hər şeydən üstün tutaraq müstəqil və demokratik dövlət yaratmağa nail olmuşdular. Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” kəlamı həmin dövrdən xalqımızın azadlıq rəmzinə çevrilmişdir. Üçrəngli bayrağımız da məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmişdir. Bu bayraq türkçülüyü, islam mədəniyyətini və müasirliyi özündə birləşdirərək xalqımızın milli kimliyini ifadə edir.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, xalqımızın azadlıq arzusu heç vaxt sönmədi. Uzun illərdən sonra, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyin bərpası zamanı müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərərək Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etdi. Bunun nəticəsi olaraq Cümhuriyyətin üçrəngli bayrağı, gerbi və himni yenidən dövlət rəmzləri kimi qəbul edildi.
Müstəqil Azərbaycanın inkişafı və möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində mümkün olmuşdur. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş, güclü və nüfuzlu dövlətə çevrilmişdir.
2018-ci ildə Azərbaycan xalqı Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyini böyük qürur və təntənə ilə qeyd etmişdir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmiş, yubiley respublikamızın bütün bölgələrində dövlət səviyyəsində geniş qeyd olunmuşdur. Bu tədbirlər xalqımızın dövlətçilik tarixinin öyrənilməsi və gənc nəslə çatdırılması baxımından mühüm əhəmiyyət daşımışdır.
Tarix boyu xalqımız 28 May gününü böyük sevinc və qürur hissi ilə qeyd etmişdir. Bu gün Azərbaycan xalqının azadlıq və istiqlal arzularının təcəssümüdür. Milli Məclisin 2021-ci il oktyabrın 15-də keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsinin qəbul edilməsi ilə mayın 28-i rəsmi olaraq Müstəqillik Günü elan edilmişdir. Bu qərar Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yerinə verilən yüksək dəyərin daha bir göstəricisidir.
Bu gün müstəqil Azərbaycan Respublikası Cümhuriyyət ideyalarını yaşadır və inkişaf etdirir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın gücünü, birliyini və dövlətinə bağlılığını bütün dünyaya nümayiş etdirdi. Müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını yaşadaraq gələcəyə doğru inamla irəliləyir. Xalqımız öz şanlı tarixini unutmur, dövlət müstəqilliyini ən böyük sərvət kimi qoruyur və gələcək nəsillərə ötürür.
Əlvan Abbasov,
Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəbin müəllimi,YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatının üzvü


