
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli Azərbaycan Bayrağı bu gün artıq işğaldan azad edilmiş ərazilərdə dalğalanaraq xalqımızın tarixi ədalətin bərpası ilə bağlı ən böyük qürur mənbəyinə çevrilmişdir. Bu bayraq təkcə dövlət rəmzi deyil, həm də Azərbaycan xalqının azadlıq ideallarının, mübarizə əzminin və dövlətçilik ənənələrinin canlı simvoludur.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası öz milli rəmzlərini yenidən ucaldaraq Azərbaycan Xalq Cümhuriyyətinin ideya varisliyini davam etdirdi. Üçrəngli bayraq xalqımızın keçmişdən gələcəyə uzanan dövlətçilik yolunun ən mühüm nişanəsi kimi ölkənin hər yerində ucaldıldı. Lakin uzun illər davam edən işğal faktı nəticəsində Azərbaycanın bir hissəsində bu müqəddəs bayrağın dalğalanması mümkün olmamışdı.
2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və tarixi ədalət bərpa olundu. Bu qələbə ilə Azərbaycan Bayrağı uzun illər həsrət qaldığı torpaqlara qayıdaraq şəhər və kəndlərdə yenidən ucaldıldı.
Bu tarixi Zəfərin müəllifi olan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti güclü siyasi iradə nümayiş etdirdi. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, ordunun gücləndirilməsi və xalq-iqtidar birliyi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu hadisə təkcə hərbi qələbə deyil, həm də milli dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu.
Bu gün artıq Qarabağ və Şərqi Zəngəzurda üçrəngli bayrağımızın dalğalanması Azərbaycan xalqının ən böyük arzularından birinin reallığa çevrildiyini göstərir. Bu mənzərə həm şəhidlərin müqəddəs xatirəsinə ehtiramın, həm də gələcək nəsillərə ötürülən böyük dövlətçilik əmanətinin təntənəsidir.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri həmin torpaqlarda yeni həyatın başladığını göstərir. Müasir şəhərlər, yollar, hava limanları və sosial infrastruktur layihələri Azərbaycanın gücünü və inkişaf potensialını nümayiş etdirir. Bu proseslərin mərkəzində isə dövlət bayrağının ucalığı, milli kimliyin qorunması və dövlətçilik ideyalarının möhkəmləndirilməsi dayanır.
Azərbaycan Bayrağının bu gün azad edilmiş ərazilərdə dalğalanması xalqımızın tarixi yaddaşının, mübarizə ruhunun və dövlətə sədaqətinin ən parlaq ifadəsidir. Bu, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının yaşadığını və müstəqil dövlətimizin həmin ideyalar üzərində daha da gücləndiyini sübut edir.
Ulu Öndərin müəyyən etdiyi dövlətçilik xətti və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün qalib, güclü və suveren bir dövlətdir. Üçrəngli bayrağımız isə bu qələbənin, milli birliyin və əbədi müstəqilliyin rəmzi kimi daim yüksəklərdə dalğalanmaqdadır
Səlbi Əliyeva,
YAP Xətai rayon təşkilatının fəalı


