
28 May Azərbaycan xalqının tarixində milli qürur, azadlıq və dövlətçilik ənənələrinin rəmzi kimi xüsusi əhəmiyyət daşıyan müqəddəs günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunmaqla Azərbaycan xalqı öz müstəqil dövlətini qurdu və müsəlman Şərqində ilk demokratik respublikanın əsasını qoydu. Bu mühüm tarixi hadisə xalqımızın əsrlər boyu yaşatdığı azadlıq ideallarının və milli dövlətçilik arzularının təntənəsi idi.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli oyanışının, ziyalıların və qabaqcıl şəxsiyyətlərin uzun illər apardığı mübarizənin nəticəsi idi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq ideyaları geniş yayılmış, xalqın milli şüuru formalaşmağa başlamışdı. Həmin dövrdə görkəmli ziyalılar, maarifçilər və ictimai-siyasi xadimlər xalq arasında milli dirçəliş ruhunu gücləndirir, azadlıq və müstəqillik ideyalarını təbliğ edirdilər.
Bu barədə Heydər Əliyev demişdir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, həmin dövrdə mühüm dövlətçilik ənənələri formalaşdırıldı. Dövlət bayrağı, gerbi və himni qəbul edildi, parlament yaradıldı, milli ordu quruldu, demokratik idarəçilik prinsipləri tətbiq olundu. Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi Azərbaycanın demokratik inkişaf yolunu seçdiyini göstərən mühüm tarixi addım idi.
Lakin mürəkkəb siyasi proseslər və xarici müdaxilələr nəticəsində 1920-ci ildə Azərbaycanın müstəqilliyinə son qoyuldu. Buna baxmayaraq, xalqımız öz milli kimliyini və azadlıq arzularını qoruyub saxladı. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi və Cümhuriyyət ideyaları bir daha həyata qayıtdı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini daim yüksək qiymətləndirərək bildirirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Bu gün 28 May – Müstəqillik Günü Azərbaycanda böyük qürur və ehtiramla qeyd olunur. Bu əlamətdar tarix xalqımızın azadlıq ruhunun, milli birlik və dövlətçilik ənənələrinin təntənəsidir. Müstəqillik xalqımızın ən böyük sərvətidir və onun qorunması hər bir vətəndaşın müqəddəs borcudur.
Azərbaycan bu gün güclü, müstəqil və nüfuzlu dövlət kimi inkişaf edir. Ölkəmizin əldə etdiyi uğurların əsasında isə xalqımızın azadlıq ideallarına sədaqəti, milli birlik və dövlətçilik ənənələrinə bağlılığı dayanır. 28 May tarixi Azərbaycan xalqının şanlı keçmişini, bu gününü və gələcəyini birləşdirən müqəddəs bir gündür.
Ariz Məmmədov,
YAP Xətai rayon təşkilatnın fəalı


