AnalitikaGündəmSiyasət

28 may-Müstəqillik Günü: Milli Dövlətçiliyimizin şanlı tarixi

28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız yalnız öz müstəqilliyini elan etmədi, eyni zamanda Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasının əsasını qoydu. Bu mühüm tarixi hadisə xalqımızın azadlıq iradəsinin, milli dövlətçilik ənənələrinin və müstəqil yaşamaq əzminin parlaq təzahürü oldu.

Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə Azərbaycanın müstəqilliyi bütün dünyaya bəyan edildi. Bununla xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirildi və milli suverenliyimizin hüquqi-siyasi təməli yaradıldı. Azərbaycan xalqı öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirərək müstəqil, demokratik dövlət qurmaq iradəsini ortaya qoydu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etdi. İlk parlament və hökumət yaradıldı, dövlət atributları təsis edildi, milli ordu formalaşdırıldı, Azərbaycan vətəndaşlığı institutu yaradıldı. Dövlət bayrağı qəbul edildi, hüquqi və demokratik idarəçilik prinsipləri təsbit olundu. Xalq Cümhuriyyəti bütün vətəndaşlara bərabər hüquqlar verərək milli, dini, irqi və sosial ayrı-seçkiliyi aradan qaldırdı. Bu addımlar Şərqdə demokratik ənənələrin formalaşmasına ciddi təsir göstərdi.

Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlar təhsil, mədəniyyət və ədliyyə sahələrini də əhatə edirdi. 1918-ci ildə qəbul olunan qərara əsasən məktəblərdə tədrisin ana dilində aparılmasına başlanıldı. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması haqqında qanunun qəbul edilməsi milli ali təhsilin inkişafında mühüm hadisə oldu. Eyni zamanda, məhkəmə və ədliyyə sisteminin formalaşdırılması istiqamətində mühüm qərarlar qəbul edildi. Bütün bunlar dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin əsas məqsədi yeni yaradılmış dövləti beynəlxalq aləmdə tanıtmaq idi. Paris Sülh Konfransında Azərbaycanın tanınması istiqamətində mühüm addımlar atıldı, müxtəlif dövlətlərlə diplomatik əlaqələrin qurulmasına başlanıldı. Məhz həmin fəaliyyət nəticəsində Azərbaycan beynəlxalq hüququn subyekti kimi qəbul olundu və bu status ölkəmizin siyasi xəritədən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli kimlik şüurunu özünə qaytardı. Avropa demokratik dəyərləri ilə Şərq mədəniyyətinin vəhdətini özündə birləşdirən bu dövlət modeli xalqımızın siyasi yetkinliyini və yüksək mədəniyyətini nümayiş etdirdi.

1920-ci ildə bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırılsa da, müstəqillik ideyası xalqımızın qəlbində yaşamaqda davam etdi. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Bu, dövlətçilik ənənələrinin hüquqi və siyasi baxımdan davamlılığını təmin etdi.

XX əsrin sonlarında ölkəmizin qarşılaşdığı ağır siyasi və iqtisadi vəziyyətdə Azərbaycan dövlətçiliyinin qorunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin qətiyyətli siyasəti nəticəsində ölkədə sabitlik bərpa olundu, dövlətçiliyin əsasları möhkəmləndirildi, Azərbaycanın müstəqilliyi əbədi və dönməz xarakter aldı. Ulu Öndərin “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi” fikri bu gün də öz aktuallığını qoruyur. Azərbaycanın müstəqilliyə gedən yolunda mühüm hadisələrdən biri də üçrəngli dövlət bayrağının yenidən ucaldılması oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi qəbul edildi. Bu addım xalqımızın müstəqillik arzularının rəmzinə çevrildi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil, güclü və nüfuzlu dövlət kimi inkişaf edir. Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları yaşayır, milli dövlətçilik ənənələri daha da möhkəmlənir. 28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunun, milli birlik və dövlətçilik iradəsinin təntənəsi kimi hər il böyük qürur hissi ilə qeyd olunur.

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button