AnalitikaGündəmSiyasət

“28 May – Müstəqillik günüdür”

28 May Azərbaycan xalqının tarixində qürur və şərəf günü kimi xüsusi yer tutur. 1918-ci ilin məhz bu günündə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan olundu. Bu tarixi hadisə xalqımızın azadlıq arzularının gerçəkləşməsi, milli dövlətçilik ənənələrinin bərpası və müstəqil idarəçilik iradəsinin dünyaya nümayişi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın yaddaşında müstəqillik ideyasının əbədi simvoluna çevrildi.

 

1918-ci ilin 28 mayında Azərbaycan xalqı öz siyasi iradəsini ortaya qoyaraq tarixdə ilk dəfə Şərqin və müsəlman dünyasının ilk demokratik, hüquqi və parlamentli respublikasını yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin meydana çıxması böyük siyasi və mənəvi proseslərin nəticəsi idi. Həmin dövrdə xalqın milli şüuru artıq formalaşmış, azadlıq və müstəqillik ideyaları geniş yayılmışdı. Azərbaycanın qabaqcıl ziyalıları, maarifçiləri və mütəfəkkirləri milli dirçəlişə, xalqın öz taleyini müəyyən etmək istəyinə ciddi təsir göstərmişdilər. Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təsadüfi siyasi hadisə deyil, milli oyanışın məntiqi yekunu idi. Ulu Öndər Heydər Əliyev bu barədə deyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır.”

 

1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etsə də, ölkədə yaranmış siyasi böhran, daxili qarşıdurmalar və xarici təhdidlər dövlətçiliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. Belə ağır və mürəkkəb bir dövrdə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan və müstəqilliyini itirməkdən xilas etdi. Ulu Öndərin uzaqgörən siyasəti, qətiyyəti və böyük siyasi iradəsi sayəsində ölkədə sabitlik bərpa olundu, dövlət quruculuğu prosesi gücləndirildi və Azərbaycanın müstəqilliyi qorunub saxlanıldı.

 

Ulu Öndər Heydər Əliyev demişdir: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.”

 

1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi ağır sınaq qarşısında qalmışdı. Müstəqilliyin ilk illəri xaos, daxili çəkişmələr, Ermənistanın işğalçılıq siyasəti və iqtisadi böhranla xarakterizə olunurdu. Məhz bu çətin dövrdə xalq Ulu Öndər Heydər Əliyevə müraciət etdi və o, ölkəni bəlalı vəziyyətdən çıxarmaq üçün bütün siyasi iradəsini və fədakarlığını ortaya qoydu. Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya qayıtdı. O vaxt ölkə faktiki olaraq vətəndaş müharibəsi astanasına gəlib çıxmışdı. Bir tərəfdən cəbhədə məğlubiyyətlər, digər tərəfdən isə paytaxtda siyasi qarşıdurmalar hökm sürürdü. Heydər Əliyevin gəlişi ilə vəziyyət sürətlə dəyişməyə başladı. Onun böyük idarəçilik təcrübəsi, dərin siyasi zəkası və xalqına olan məsuliyyət hissi Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.

 

Bu gün qürurla qeyd edirik ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin bütün arzularını reallığa çevirdi. Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Azərbaycan xalqı öz müstəqilliyini qürurla qoruyur. Müstəqillik Günü milli həmrəyliyi gücləndirən əlamətdar tarixdir. Bu bayram xalqın keçmişinə ehtiramını ifadə edir. Azərbaycanın gələcəyi daha parlaq inkişaf perspektivləri vəd edir. Dövlətimizin gücü gündən-günə artır. Azərbaycan xalqı müstəqil və qüdrətli dövlət qurmaq əzmini davam etdirir.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button