
Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir. Son illərdə ölkənin müxtəlif bölgələrində aparılan tikinti və abadlıq işləri insanların həyat şəraitinin yaxşılaşdırılmasına, şəhərlərin daha müasir və rahat formaya salınmasına xidmət edir. Xüsusilə Bakı şəhərində həyata keçirilən layihələr paytaxtın görünüşünü tamamilə dəyişib. Yeni parklar, yollar, yaşayış kompleksləri və sosial obyektlər şəhərsalma sahəsində görülən işlərin miqyasını açıq şəkildə göstərir.
Prezident İlham Əliyevin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında çıxışı da məhz bu inkişafın beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı çıxışında müasir şəhərlərin yalnız gözəl binalardan ibarət olmadığını, əsas məqsədin insanların rahat və təhlükəsiz yaşamasını təmin etmək olduğunu vurğulayıb. Bu fikir müasir dövrdə şəhərsalmanın əsas prinsiplərindən biri hesab olunur.
Çıxış zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə də xüsusi diqqət yetirildi. Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış şəhərlərin yenidən qurulması Azərbaycanın gücünü və inkişaf iradəsini göstərir. Şuşa, Ağdam və Laçın kimi şəhərlərdə həyata keçirilən layihələr həmin ərazilərin yenidən canlanmasına səbəb olur. Burada “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi müasir şəhərsalma baxımından olduqca vacib addımdır.
Ümumdünya Şəhərsalma Forumu kimi nüfuzlu tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Prezident İlham Əliyevin bu forumdakı çıxışı ölkəmizin şəhərsalma sahəsində qazandığı uğurların dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu inkişaf gələcəkdə Azərbaycanın daha müasir və daha güclü dövlət kimi inkişaf edəcəyini göstərir.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



