
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Qürurverici haldır ki, bu gün Azərbaycan Cənubi Qafqazda lider və dünyada söz sahibi olan müstəqil dövlətdir. Hazırda ölkəmizin hər yerində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyasnı yenidənqurma və bərpa – tikinti işləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Qədim İpək Yolunun mərkəzində dayanan Azərbaycan, əsrlər boyu fərqli sivilizasiyaların, mədəniyyətlərin və ticarət yollarının kəsişmə nöqtəsi olmuşdur. Bu unikal coğrafi mövqe ölkənin təkcə siyasi və iqtisadi statusuna deyil, həm də onun memarlıq və şəhərsalma fəlsəfəsinə dərindən təsir göstərmişdir. Bu gün Azərbaycan Avropa ilə Asiyanın qovuşduğu, Şərqin zəngin tarixi irsi ilə Qərbin proqressiv, innovativ texnologiyalarının sintez olunduğu canlı bir məkandır.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kontekstində dövlətin ortaya qoyduğu şəhərsalma baxışı da məhz bu tarixi və strateji reallığa əsaslanır. Ölkəmiz qlobal arenada sadəcə enerji resursları ilə deyil, həm də müasir, inklüziv və dayanıqlı şəhər mühitləri quran bir mərkəz kimi tanınır. Bu kontekstdə həm paytaxtın simasında qədimliklə müasirliyin harmoniyası, həm də beynəlxalq miqyaslı layihələrin şəhər həyatına uğurlu inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir.
Son illər yaradılan şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələr şəhərimizə gələn turistlər tərəfindən də heyranlıqla qarşılanır. Belə orjinal nümunələr sırasına daim yeniləşmə rəmzi olan möhtəşəm Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələri, Ağ şəhər kompleksi daxildir. Bunlarla yanaşı, regionların memarlıq siması da zənginləşərək yeni şəkil almışdır.
Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri şəhərsalmanın təkcə tikinti deyil, sosial həyatın keyfiyyətini müəyyən edən strateji istiqamət olması idi. Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasət insanların rifahının yüksəldilməsinə, rahat yaşayış mühitinin formalaşdırılmasına yönəlib.
Şəhərsalma sahəsində Azərbaycanın yanaşması həm də tarixi irsin qorunması ilə müasir inkişafın uzlaşdırılması üzərində qurulub. Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ və Şəki kimi şəhərlərin tarixi abidələri ilə yanaşı müasir infrastrukturun inkişafı ölkənin mədəni davamlılıq modelini əks etdirir. Lahıc kimi qədim yaşayış məntəqələrinin bu gün də öz orijinal strukturunu qoruması Azərbaycan xalqının irsə münasibətinin göstəricisidir. Bu yanaşma təkcə keçmişi qorumaq deyil, həm də gələcək nəsillərə davamlı mədəni yaddaş ötürmək məqsədi daşıyır.
Ümumilikdə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi ilə bir daha sübut etdi ki, Azərbaycan qlobal şəhərsalma düşüncəsində yalnız iştirakçı deyil, həm də istiqamətverici aktordur.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



