AnalitikaGündəmSiyasət

Şəhərsalma və tarixi irs arasında strateji balans: Prezident İlham Əliyevin Bakı Forumunda verdiyi mühüm mesajlar

2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası beynəlxalq şəhərsalma siyasətinin, davamlı inkişaf modelinin və müasir urbanizasiya çağırışlarının müzakirə olunduğu mühüm platformaya çevrildi. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, şəhərsalma mütəxəssislərinin və beynəlxalq təşkilatların iştirakı ilə keçirilən forumda Prezident İlham Əliyevin çıxışı xüsusi diqqət mərkəzində oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə Azərbaycanın inkişaf strategiyasını deyil, eyni zamanda qlobal şəhər idarəçiliyinə dair mühüm yanaşmaları da özündə ehtiva edirdi.

Prezident İlham Əliyev çıxışında müasir şəhərsalmanın yalnız binaların və yolların tikintisindən ibarət olmadığını, bu prosesin milli kimliyin, tarixi irsin və sosial rifahın qorunması ilə paralel aparılmalı olduğunu vurğuladı. Dövlət başçısı inkişafın sürətli və cəsarətli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd etsə də, tarixi və mədəni irsə münasibətdə maksimum ehtiyatlı davranılmasının strateji əhəmiyyət daşıdığını xüsusi olaraq diqqətə çatdırdı.

Prezidentin Bakı şəhərində keçirilən Formula 1 yarışını nümunə göstərməsi isə çıxışın ən diqqətçəkən məqamlarından biri oldu. Dövlət başçısı bildirdi ki, Bakı Qran-Prisi şəhər halqasında keçirilən çox azsaylı yarışlardan biridir və bu yarış böyük sürətlə yüksək dəqiqliyin birləşməsini tələb edir. Onun sözlərinə görə, pilotlar əsas yolda saatda 300 kilometrdən artıq sürətlə hərəkət edir, daha sonra isə eni cəmi yeddi metr olan küçəyə daxil olaraq qədim qala divarlarından bir metr məsafədə manevr etməli olurlar. Prezident bu nümunə ilə liderlərin və qərar qəbul edən şəxslərin məsuliyyətini simvolik şəkildə izah etdi.

Bu müqayisə əslində müasir dövlət idarəçiliyinin fəlsəfəsini əks etdirir. Bir tərəfdən sürətli inkişaf, modernləşmə və iqtisadi artım zərurəti var, digər tərəfdən isə milli-mənəvi dəyərlərin, tarixi abidələrin və şəhərlərin özünəməxsus ruhunun qorunması məsuliyyəti mövcuddur. Prezident İlham Əliyevin mesajı ondan ibarət idi ki, inkişaf yalnız texnoloji yeniliklərlə ölçülməməlidir; şəhərlərin tarixi yaddaşı və mədəni kimliyi də gələcək nəsillərə ötürülməlidir.

Azərbaycan son illərdə şəhərsalma sahəsində mühüm uğurlara imza atıb. Xüsusilə Bakı şəhərinin simasının dəyişməsi, müasir infrastruktur layihələrinin həyata keçirilməsi, nəqliyyat sisteminin yenilənməsi və ekoloji layihələrin genişləndirilməsi ölkənin inkişaf modelinin mühüm göstəricilərindən biridir. Bununla yanaşı, İçərişəhər kimi qədim tarixi məkanların qorunması, UNESCO tərəfindən tanınan mədəni irsin saxlanılması Azərbaycanın tarixi dəyərlərə verdiyi önəmi açıq şəkildə nümayiş etdirir.

Forum çərçivəsində səsləndirilən fikirlər həm də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və “ağıllı şəhər” konsepsiyası ilə bağlı siyasətin fəlsəfəsini əks etdirirdi. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr müasir texnologiyalar, yaşıl enerji və dayanıqlı şəhərsalma prinsipləri əsasında qurulur. Bu yanaşma Azərbaycanın gələcək inkişaf modelinin beynəlxalq standartlara uyğun şəkildə formalaşdırıldığını göstərir.

Prezident İlham Əliyevin çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan inkişafı yalnız iqtisadi göstəricilər üzərində qurmur. Dövlət siyasətinin əsas prioritetlərindən biri milli irsin qorunması ilə modernləşmə arasında düzgün tarazlığın yaradılmasıdır. Bu gün Bakı yalnız müasir memarlığı ilə deyil, həm də öz tarixi simasını qoruyub saxlaması ilə fərqlənir. Məhz bu balans şəhərin beynəlxalq nüfuzunu artırır və onu qlobal tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevirir.

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və artan siyasi çəkisinin göstəricisidir. Bu tədbir həm də ölkəmizin qlobal urbanizasiya proseslərində fəal iştirak etdiyini və öz təcrübəsini dünya ilə paylaşmaq imkanına malik olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin forumdakı çıxışı isə Azərbaycanın inkişaf fəlsəfəsinin əsas istiqamətlərini bir daha beynəlxalq auditoriyaya çatdırdı: cəsarətli inkişaf, strateji baxış və tarixi irsə hörmət.

Müasir dövrdə şəhərlər yalnız iqtisadi mərkəz deyil, həm də mədəniyyətin, tarixin və milli yaddaşın daşıyıcısıdır. Bu baxımdan Prezident İlham Əliyevin Bakı Forumunda verdiyi mesajlar həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət üçün mühüm çağırış kimi qiymətləndirilə bilər. İnkişafın sürəti nə qədər yüksək olsa da, tarixi irsə münasibətdə məsuliyyət və həssaslıq hər zaman prioritet olaraq qalmalıdır.

İslam Bafadarov,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

 

 

Oxşar Xəbərlər

Back to top button