AnalitikaGündəmSiyasət

Dayanıqlı şəhərsalma və qlobal əməkdaşlıq

2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası beynəlxalq əhəmiyyətli mühüm platforma kimi diqqət mərkəzində oldu. Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev şəhərsalma, dayanıqlı inkişaf, müasir urbanizasiya və postmünaqişə dövründə aparılan genişmiqyaslı quruculuq işləri barədə vacib mesajlar verdi.

Prezident çıxışında qeyd etdi ki, müasir dövrdə şəhərlərin inkişafı yalnız infrastruktur layihələri ilə məhdudlaşmamalı, eyni zamanda ekoloji tarazlıq, sosial rifah və innovativ yanaşmalar əsas prioritetlərdən biri olmalıdır. Azərbaycanın son illərdə həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin də məhz bu məqsədə xidmət etdiyi vurğulandı.

Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma proseslərinə də xüsusi toxundu. Bildirildi ki, həmin ərazilərdə müasir şəhərsalma standartlarına uyğun yeni yaşayış məntəqələri salınır, yaşıl enerji texnologiyalarından istifadə edilir və dayanıqlı inkişaf modeli tətbiq olunur. Bu yanaşma regionun gələcək inkişafı üçün nümunəvi model kimi təqdim edildi.

Prezident İlham Əliyev forumun Bakıda keçirilməsinin Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olduğunu qeyd etdi. Onun sözlərinə görə, Azərbaycan müxtəlif qlobal platformalara ev sahibliyi etməklə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Forum çərçivəsində urbanizasiya problemləri, iqlim dəyişiklikləri və təhlükəsiz şəhər mühiti kimi məsələlər üzrə geniş fikir mübadiləsinin aparılması da xüsusi əhəmiyyət daşıyır.

Çıxış zamanı şəhərsalmanın insan amilinə əsaslanmasının vacibliyi vurğulandı. Prezident bildirdi ki, şəhərlər insanların rahat, təhlükəsiz və sağlam yaşayışı üçün qurulmalıdır. Bu baxımdan nəqliyyat infrastrukturu, yaşıllıq zonalarının artırılması və rəqəmsal texnologiyaların tətbiqi gələcəyin şəhərlərinin əsas istiqamətlərindən hesab olunur.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində artan rolunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin forumdakı çıxışı isə ölkənin gələcəyə hesablanmış inkişaf strategiyasını və beynəlxalq əməkdaşlığa verdiyi önəmi açıq şəkildə ortaya qoydu.

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button